Papuaşvili: Brüssellə ortaq dil tapmaq mümkün deyil – ÖZƏL

"Brüssel barədə danışanda ədalət, məntiq və rasional yanaşma axtarmaq çətindir. Brüssel artıq çoxdan sağlam qərarlar çərçivəsindən çıxıb. Bu, həm Gürcüstana, həm də Ukraynaya münasibətdə açıq şəkildə görünür". 

Olaylar.az xəbər verir ki, bu fikirləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səsləndirib.

Onun sözlərinə görə, Brüsseldə qəbul edilən qərarlar artıq uzun müddətdir ki, nə ədalətə, nə də obyektiv meyarlara əsaslanır. Papuaşvili bildirib ki, Brüssel hakimiyyəti Avropa xalqlarının maraqlarından uzaqlaşıb və başqa siyasi sifarişlər, fərqli gündəliklər əsasında hərəkət edir.

"Biz suverenliyimizi heç bir siyasi şantaja dəyişməyəcəyik. Gürcü xalqı aydın şəkildə görür ki, bu qərarların arxasında ədalət yox, zərərli siyasi məqsədlər dayanır. Bu isə Avropa İttifaqının və Brüsselin Gürcüstan cəmiyyətindəki nüfuzunun hansı səviyyəyə düşdüyünün acı göstəricisidir. Bunun səbəbi isə qeyri-müəyyən diplomatiya və ifrat bürokratiyadır", - deyə Papuaşvili vurğulayıb.

Parlament sədri xatırladıb ki, diplomatik pasport sahibləri üçün viza rejiminin tətbiqi Gürcüstanla Avropa İttifaqı arasında 2010-cu ildə imzalanmış sazişin pozulmasıdır və bu addım Aİ-ni beynəlxalq hüququ pozan tərəfə çevirib. Onun sözlərinə görə, Gürcüstanda hakimiyyəti dəyişmək cəhdi naminə Brüssel beynəlxalq hüququ tapdalamaqdan çəkinməyib.

Papuaşvili qeyd edib ki, Avropa Komissiyasının Gürcüstandan Rusiyaya qarşı sanksiyalara qoşulmaq, hava məkanını bağlamaq və qarşıdurma spiralına daxil olmaq tələbləri yerinə yetirilsəydi, ölkə hərbi münaqişə və dağıntılardan qaça bilməzdi.

"Vaxtilə sülh layihəsi kimi yaradılan Avropa İttifaqı bu gün açıq şəkildə müharibədən danışır, müharibəyə hazırlaşır. Müharibəyə köklənən isə sonda onu əldə edir - bu, eskalasiyanın məntiqidir", - deyə o bildirib.

Gürcüstan parlamentinin sədri vurğulayıb ki, mövcud Brüssel bürokratiyası ilə ortaq dil tapmaq mümkün deyil və yeganə çıxış yolu Brüsseldə rəhbərliyin dəyişməsidir. Onun sözlərinə görə, Avropanın müxtəlif ölkələrində hakimiyyətə gələn patriotik qüvvələr, həqiqi Avropa dəyərlərinin daşıyıcıları bu tendensiyanı Brüsselə də gətirdikdən sonra Gürcüstan-Aİ münasibətlərinin tam normallaşması mümkün olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31