ABŞ BMT-nin humanitar proqramlarına ayırdığı vəsaiti kəskin azaldır — maliyyə dəstəyi doqquz dəfə ixtisar edildi- ÖZƏL

ABŞ BMT-nin humanitar yardım proqramlarına cəmi 2 milyard dollar ayıracaq. Bu məbləğ əvvəlki illərlə müqayisədə təxminən doqquz dəfə azdır. Olaylar.az xəbər verir ki, məlumatı Associated Press (AP) agentliyi yayıb. BMT-nin açıqlamasına görə, son illərdə Vaşinqtonun bu istiqamətdə maksimum illik töhfəsi 17 milyard dollara qədər yüksəlmişdi. Bununla belə, ABŞ administrasiyası hesab edir ki, 2 milyard dollarlıq maliyyə dəstəyi belə, ölkənin BMT humanitar proqramlarının ən böyük donorlarından biri kimi qalmasına imkan verəcək.
ABŞ rəsmilərinin sözlərinə görə, Vaşinqton BMT çərçivəsində yardımın bölüşdürülməsi mexanizmini daha "konsolidasiya olunmuş" modelə keçirmək niyyətindədir. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, həyata keçirilən humanitar islahatlar daha az xərclə daha çox yardım göstərməyi, həmçinin ABŞ-ın xarici siyasət prioritetlərinə uyğun, hədəfli və nəticəyönlü dəstək mexanizmini formalaşdırmağı nəzərdə tutur.
AP yazır ki, maliyyənin kəskin azaldılması BMT-nin qaçqınlara və qida təhlükəsizliyi proqramlarına cavabdeh olan bir çox qurumları ciddi maliyyə böhranı ilə üz-üzə qoyur. ABŞ Dövlət Departamentindən bildirilib ki, bu strukturlar "adaptasiya olunmalı, heyətini ixtisar etməli və ya fəaliyyətini dayandırmalı olacaq".
Daha əvvəl Uolts açıqlamışdı ki, ABŞ prezidenti Donald Trampın administrasiyası BMT-yə üzvlük haqlarının ödənişini müvəqqəti dayandırıb və təşkilatda islahatların həyata keçirilməsini gözləyir.
Qeyd olunur ki, BMT hazırda bir sıra ölkələrin, o cümlədən ABŞ-ın təxminən 3 milyard dollarlıq ödənişi gecikdirməsi səbəbindən büdcə kəsiri ilə üzləşib. Bu vəziyyət təşkilatı xərcləri azaltmağa, işə qəbul prosesini dondurmağa və humanitar proqramları, o cümlədən uşaqlara və qaçqınlara yardımı ixtisar etməyə məcbur edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31