Hakim partiyada parçalanma: Simonyanın istefası gündəmdədir – ÖZƏL

Ermənistanda hakim "Vətəndaş Müqaviləsi" Partiyasının üzvləri parlamentin spikeri Alen Simonyanın vəzifəsindən uzaqlaşdırılmasına nail olmağa çalışırlar. Olaylar.az xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti hökumətə yaxın mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, partiya daxilində Simonyana qarşı ciddi narazılıq dalğası yaranıb. Bildirilir ki, "Vətəndaş Müqaviləsi"nin idarə heyətinin iclaslarında, xüsusilə də seçki siyahılarına namizədlərin müzakirəsi zamanı parlament sədri partiya yoldaşlarına qarşı aqressiv davranıb.

Mənbələrin sözlərinə görə, Alen Simonyan öz komanda üzvlərini baş nazir Nikol Paşinyanın gözündə nüfuzdan salmağa çalışıb. Qəzet qeyd edir ki, partiya üzvlərindən ibarət "bir ordu" Paşinyanla görüşərək Simonyanın və onun komandasının partiya daxilində dominant mövqe tutmaq üçün apardığı "intriqalar" barədə ona məlumat verməyə hazırlaşır.

Narazı partiya üzvləri Simonyanın Milli Assambleyanın sədri postunu tərk etməsi üçün bütün imkanlardan istifadə etmək niyyətindədirlər. Bununla yanaşı, partiya daxilində Paşinyanın da Simonyandan ciddi şəkildə narazı olduğu və artıq onunla bağlı qərar verdiyi iddia olunur.

Məlumata görə, hakim komanda gələcək parlament sədrinin namizədini uzun müddətdir müzakirə edir. Əgər 2026-cı ildə keçiriləcək parlament seçkilərində "Vətəndaş Müqaviləsi" Partiyası yenidən çoxluq əldə edərsə, yayılan şayiələrə əsasən, Milli Assambleyaya keçmiş ABŞ səfiri Lilit Makunts rəhbərlik edə bilər.

Qeyd edək ki, Ermənistan Milli Assambleyasına növbəti seçkilər 2026-cı ilin iyun ayında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31