Çin ABŞ-ın Tayvana silah satışına cavab olaraq “Ədalətli missiya – 2025” hərbi təlimlərinə başlayıb- ÖZƏL
11:26 DünyaÇin Xalq Azadlıq Ordusu (XAO) ABŞ-ın Tayvana silah satışını təsdiqləməsinə cavab olaraq "Ədalətli missiya - 2025" adlı genişmiqyaslı hərbi təlimlərə başlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Çinli hərbi ekspert Fu Çjennanın mövqeyinə istinadən Mərkəzi Televiziya məlumat yayıb.
Ekspertin sözlərinə görə, Vaşinqtonun Taybeyə ümumi dəyəri 11,1 milyard dollardan çox olan silah satışına razılıq verməsi indiyədək ən böyük paket hesab olunur və vəziyyətin eskalasiyasına gətirib çıxarır. O bildirib ki, ABŞ və Tayvan Çinin dəfələrlə etdiyi xəbərdarlıqları nəzərə almayaraq "ciddi sövdələşməyə" gedib və ilk olaraq gərginliyə səbəb olublar.
Fu Çjennan vurğulayıb ki, bu dəfə Tayvana satılan silahların xarakteri əsasən hücum yönümlüdür və əldə olunan hərbi texnika Tayvan ordusunun əməliyyat sistemini ABŞ silahlı qüvvələrinin əməliyyat sisteminin birbaşa davamına çevirir. Bu isə Çin və ABŞ arasında birbaşa hərbi toqquşma riskini artırır.
Bundan əvvəl XAO-nun Şərq Hərbi Komandanlıq Zonası Tayvan yaxınlığında döyüş atışları ilə müşayiət olunan hərbi təlimlərin başladığını elan etmişdi.
Xatırladaq ki, ABŞ hökuməti dekabr ayında Tayvana HIMARS raket sistemləri, tank əleyhinə raketlər və pilotsuz uçuş aparatlarının daxil olduğu bir neçə silah paketi satışını təsdiqləyib.
Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. Pekinin rəsmi mövqeyinə görə, ada Çin Xalq Respublikasının ayrılmaz hissəsidir və bu mövqe dünyanın əksər ölkələri, o cümlədən Rusiya tərəfindən dəstəklənir.