ABŞ konqresmeni: Ukrayna münaqişəsinin yaxın gələcəkdə həll olunması mümkündür - ÖZƏL
11:04 DünyaABŞ-ın Florida ştatından olan respublikaçı konqresmen Anna Paulina Luna Ukrayna münaqişəsinin yaxın gələcəkdə sülh yolu ilə həll oluna biləcəyini bildirib. Olaylar.az xəbər verir ki, o, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. Luna münaqişənin həlli ilə bağlı sualı cavablandırarkən "Tamamilə mümkündür" deyib və qeyd edib ki, özü də Ukrayna böhranının həlli istiqamətində səylər göstərir. Onun sözlərinə görə, bu ilin payızında Rusiya Prezidentinin beynəlxalq investisiyalar və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ilə apardığı danışıqlar da bu məqsədə xidmət edib.
Konqresmenin bildirdiyinə görə, tərəflər hazırda yalnız əməkdaşlıq deyil, həm də hər iki ölkənin ehtiyac duyduğu təminatların müəyyən edilməsi üçün birgə səylər göstərirlər.
Xatırladaq ki, dekabrın 28-də ABŞ Prezidenti Donald Tramp da Ukrayna münaqişəsinin həlli üzrə razılaşmanın bir neçə həftə ərzində əldə oluna biləcəyini istisna etmədiyini demişdi. Oktyabrın 25-də Anna Paulina Luna Kirill Dmitriyev ilə Mayami şəhərində görüş keçirib. Görüşdən sonra o, ABŞ və Rusiya arasında düşmənçiliyə ehtiyac olmadığını vurğulayıb və iki ölkənin parlament nümayəndələri arasında dialoqun genişlənməsi perspektivini alqışlayıb. Konqresmen həmçinin yaxın zamanda ABŞ qanunvericilərinin nümayəndə heyəti ilə Rusiyaya səfər edə biləcəyini istisna etmədiyini qeyd edib.