Qarlı fəlakət: güclü qar və buzlanma 57 avtomobilin toqquşmasına səbəb oldu

Yaponiyada güclü qar yağışı və yolun buz bağlaması nəticəsində kütləvi yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, Qəza zamanı 57 avtomobil bir-biri ilə toqquşub, hadisə nəticəsində iki nəfər həyatını itirib, 26 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

NHK-nin yaydığı məlumata görə, zəncirvari qəza əvvəlcə iki yük avtomobilinin toqquşması ilə başlayıb. Toqquşmadan sonra yanğın baş verib və 10-dan çox avtomobil tamamilə yanaraq külə dönüb.

Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, bəzi avtomobillərdə sıxılmış vəziyyətdə qalan şəxslər xüsusi texnika ilə xilas edilib.

Polis hadisənin Yaponiyanın bir sıra bölgələrində müşahidə olunan əlverişsiz hava şəraiti ilə birbaşa bağlı olduğunu bildirib. Sürücülərə hava şəraiti normallaşana qədər yollarda maksimum ehtiyatlı olmaları tövsiyə edilir.

Rəsmilər güclü qar və şaxtanın davam edəcəyi ilə bağlı xəbərdarlıq edərək, oxşar qəzaların baş vermə riskinin yüksək olduğunu qeyd ediblər. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31