Ermənistan "sürünən kapitulyasiya" vəziyyətindədir – Levon Zurabyan – ÖZƏL
14:57 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Milli Konqresi (EMK) tərəfindən baş nazirliyə namizədliyi irəli sürülən Levon Zurabyan dekabrın 26-da keçirdiyi mətbuat konfransında ölkənin ağır geosiyasi böhran içində olduğunu bəyan edib. Birinci prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi partiyanın təmsilçisi mövcud vəziyyətin Ermənistan dövlətçiliyi üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
Zurabyanın sözlərinə görə, Nikol Paşinyan hökumətinin fəaliyyəti ölkənin durumunu daha da ağırlaşdırır. O, Ermənistanın "sürünən kapitulyasiya" dövrünü yaşadığını bildirərək, Azərbaycanın hər gün yeni tələblər irəli sürdüyünü qeyd edib: "Bu tələblər anklavlar, suverenliyimizə zərbə vuran "Zəngəzur dəhlizi", 300 min azərbaycanlının "Qərbi Azərbaycana" qayıdışı, Konstitusiya dəyişikliyi və Erməni Apostol Kilsəsinə "hücumları" əhatə edir."
Müxalif siyasətçi Paşinyanın vədlərinə rəğmən sülhün bərqərar olmadığını, Azərbaycanın sülh müqaviləsinə imza atmadığını xatırladıb. Zurabyan həmçinin xəbərdarlıq edib ki, Ermənistan tədricən Azərbaycandan asılı vəziyyətə düşür və ölkənin daxili siyasi həyatına avtoritar idarəetmə üsulları sirayət etməyə başlayır.