Belarus silahlanma yarışında iştirak etməyəcəyini açıqladı- ÖZƏL
13:11 DünyaBelarus Müdafiə Naziri Viktor Xrenin ölkəsinin silahlanma yarışına qoşulmaq niyyətində olmadığını bildirib. Nazir qeyd edib ki, bu addım sosial proqramlara zərər verə bilər və xalqın narazılığına səbəb olar.
"Biz silahlanma yarışına qoşulmaq istəmirik. Bu məsələyə müxtəlif tərəfdən baxmaq olar. Əgər bizi yarışa cəlb etsələr, sosial proqramlarımız dağılar. İnsanlar narazı qalar", - Olaylar.az xəbər verir ki, Xrenin "Birinci İnformasiya" telekanalına verdiyi müsahibədə bildirib.
Nazir vurğulayıb ki, Müdafiə Nazirliyi "məqbul yetərlilik" prinsipinə əsaslanır və vəsaitlər çərçivəsində planlama aparır: "Mövcud silahlar bizim üçün kifayətdir. Bəzi skeptiklər deyir ki, onlar sovet dövründən qalma, köhnədir. Heç də belə deyil - onlar yaxşı döyüşür. Bir az modernləşdirmə, yaxşı rabitə, müdafiə və radioelektron mübarizə vasitələri əlavə etsək, dronlar da var".
Eyni zamanda Xrenin Belarusun silahlarını yalnız müdafiə məqsədilə istifadə etdiyini və heç kəsi düşmən kimi görmədiklərini qeyd edib: "Amma deyirik ki, əgər kimsə hərbi güc vasitəsilə məsələləri həll etməyə çalışsa, ölkəmizi qoruyacağıq".
Nazir Rusiya ilə hərbi-texniki əməkdaşlıq məsələsinə də toxunaraq bildirib ki, prezident Aleksandr Lukaşenko bu əməkdaşlığı yüksək qiymətləndirir: "Prezidentin bu məsələlərdə bizi yüksək qiymətləndirməsi çox önəmlidir. Bu əməkdaşlıq sayəsində milli təhlükəsizliyin - xüsusən də hərbi təhlükəsizliyin əsas tərkib hissələrindən birini təmin edə bilirik".