Maka Boçorişvili: “Gürcüstan heç nə itirmir, bu ili uğurlu hesab edirik” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili jurnalistlərə açıqlamasında bildirib ki, başa çatan il ölkə üçün uğurlu olub. Onun sözlərinə görə, Gürcüstanla əməkdaşlıq etmək istəyən bütün tərəflərlə əlaqələr mövcuddur və ölkə heç nə itirmir.

Nazir qeyd edib ki, hazırda Gürcüstanda sülh şəraiti hökm sürür, ölkə sabit iqtisadi inkişaf yolundadır və tərəfdaşlarla aktual məsələlərin müzakirəsi mümkündür.

"Ölkəmizin üzləşdiyi geosiyasi və daxili çağırışları, həmçinin bunun xarici siyasət xidmətinə vurduğu müəyyən zərbələri nəzərə alsaq belə, bu gün ölkəmizdə sülhün olması, sabit iqtisadi inkişafın təmin edilməsi və tərəfdaşlarla aktual məsələləri müzakirə edə bilməyimiz bu ili uğurlu qiymətləndirməyə imkan verir. Gürcüstanla əlaqə qurmaq istəyən hər kəslə təmaslarımız var və biz heç nə itirmirik. Ölkənin maraqlarının müdafiəsi uğrunda mübarizə aparırıq və bunu davam etdirəcəyik", - deyə Boçorişvili vurğulayıb.

Nazirin sözlərinə görə, Gürcüstan bir çox Avropa ölkələrinin liderləri ilə kommunikasiyanı davam etdirir.

"Kifayət qədər geniş kommunikasiya əlaqələrimiz var. Mən Kaya Kallasla görüşməmişəm və onunla görüşmək üçün xüsusi arzum da yoxdur. Onun qərarları necə qəbul etməsi, bu qərarların kimə xidmət etməsi ayrı bir mövzudur. Avropa İttifaqına üzv ölkələrdən soruşun, Kaya Kallasın fəaliyyəti və qərarlarından nə dərəcədə razıdırlar", - deyə Gürcüstan XİN rəhbəri əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31