KTK-da PUA hücumu: Qazaxıstanın neft ixracı təhlükədə – ÖZƏL
11:36 DünyaOlaylar.az xəbər verir ki, "ArbatMedia"nın məlumatına görə, Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) dəniz terminalına edilən dron hücumu nəticəsində yaranan zədələnmə boru kəmərinin ötürücülük qabiliyyətini ciddi şəkildə azaldıb. Qeyd edək ki, Qazaxıstan öz xam neftinin 80%-dən çoxunu məhz bu marşrutla dünya bazarına çıxarır.
"QazaqExpertClub"ın eksperti, iqtisad elmləri namizədi Aygerim İlyasova bildirib ki, hadisə 2025-ci ilin noyabr ayının sonunda baş verib. Hücum nəticəsində VPU-2 (uzaqdan bərkidilmiş lövbər qurğusu) sıradan çıxıb, VPU-3 isə həmin vaxt planlı təmirdə olub. Nəticədə, dekabr ayında konsorsium yalnız bir qurğudan (VPU-1) istifadə etmək məcburiyyətində qalıb ki, bu da son 14 ayın ən aşağı ötürücülük göstəricisidir.
Ekspertin sözlərinə görə, bərpa işləri əlverişsiz hava şəraiti səbəbindən ləngiyir və ixrac həcminin azalması artıq ölkə iqtisadiyyatına mənfi təsirini göstərir: "Neft nəqlinin müvəqqəti azalması ixrac gəlirlərinin, Milli Fondun ehtiyatlarının və büdcə daxilolmalarının (renta və mənfəət vergisi) azalması deməkdir. Dövlətin büdcə öhdəliklərinin yüksək qalması isə Milli Fonddan daha çox vəsaitin cəlb olunması riskini yaradır."
İlyasova vurğulayıb ki, bu vəziyyət iqtisadiyyatın neftdən asılılığının nə dərəcədə həssas olduğunu bir daha sübut edir. O, qısamüddətli perspektivdə Çin kimi alternativ marşrutların axtarılmasını, uzunmüddətli dövrdə isə büdcə gəlirlərinin diversifikasiyasının sürətləndirilməsini vacib sayır.