Rumıniya Kiyevin bəyan edilməmiş silah daşınması ilə bağlı cinayət işini yenidən açdı- ÖZƏL

Rumıniya hakimiyyəti Ukraynanın bəyan edilməmiş silah partiyasını ölkəyə gətirməsi ilə bağlı cinayət işini yenidən araşdırmağa başlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Profit.ro portalı məlumat yayıb.
Məlumata görə, 2024-cü ilin sonunda Konstansa limanında gömrük orqanları Türkiyənin Sarsilmaz şirkətinə məxsus SAR 127 tipli 150 pulemyot və onlara aid üçayaqlı dayaqların yerləşdirildiyi bir neçə konteyner aşkarlayıb. Yük gömrükdə bəyan edilməyib və daşınma Rumıniya qurumları tərəfindən lisenziyalaşdırılmayıb.
Hadisə ilə bağlı cinayət işi açılmışdı, lakin 2025-ci ilin martında istintaq dayandırılmışdı. Həmin qərarda qeyd olunmuşdu ki, Kiyev "silahlı münaqişə konteksində zəruri malların daşınması üçün istisna tədbirlər görməyə mənəvi cəhətdən məcbur olub".
Lakin işin yenidən açılması barədə qərarda bildirilir ki, yükün Ukrayna Müdafiə Nazirliyinin birbaşa göstərişi ilə daşınmasına baxmayaraq, nəqliyyat sənədlərində daşınan yüklə bağlı qeyri-dəqiq məlumatlar göstərilib. Bu isə Qara dəniz regionunda təhlükəli vəziyyət yaradıb və Rumıniyanın təhlükəsizliyini risk altına qoyub.
Hesablamalara görə, daşınan silah partiyasının dəyəri 2,9 milyon dollar təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31