ABŞ 2026-cı ildə Cənubi Qafqazda fəallığını artıracaq – ÖZƏL

ABŞ 2026-cı ildə Cənubi Qafqazda fəallığını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Hətta "Tramp marşrutu" adlandırılan yolun formal şəkildə açılması da istisna edilmir. 

Olaylar.az xəbər verir ki, bu barədə Sputnik Ermənistana Ermənistan Amerika Araşdırmaları İnstitutunun rəhbəri, politoloq Suren Sarkisyan bildirib.

Onun sözlərinə görə, bu proses Ermənistanda iyun ayında keçiriləcək seçkiqabağı kampaniya dövrünə təsadüf edə bilər. Ekspert vurğulayıb ki, ABŞ-nin Ermənistandakı və ümumilikdə regiondakı prioritet və maraqları yerli reallıqlar kontekstində deyil, qlobal siyasətin tərkib hissəsi kimi dəyərləndirilməlidir.

"Biz "Tramp marşrutu"na adətən "erməni prizması"ndan baxırıq. Halbuki bu məsələ təkcə Ermənistan, Azərbaycan və kommunikasiyalarla bağlı deyil. Bu, Rusiyadan yan keçməklə Mərkəzi Asiyanı Avropa ilə birləşdirməyə və regionda Çinin təsirini azaltmağa yönəlmiş genişmiqyaslı layihənin bir hissəsidir", - deyə Sarkisyan qeyd edib.

Politoloqun sözlərinə görə, əsas məqsəd Mərkəzi Asiya ölkələrindən enerji daşıyıcılarının Avropa bazarına çıxarılması və Avropanın Rusiya enerjisindən və onun ərazisindən keçən tranzitdən asılılığının azaldılmasıdır. Bu baxımdan "Tramp marşrutu" qaz kəmərləri, neft kəmərləri, nəqliyyat və ticarət dəhlizlərinin keçə biləcəyi alternativ logistik istiqamətlərdən yalnız biridir.

Sarkisyan vurğulayıb ki, Ermənistan bu sxemdə sadəcə daha geniş geo-iqtisadi layihənin bir elementi kimi çıxış edir və məsələ yalnız Azərbaycanın Naxçıvanla Ermənistan ərazisindən bağlantısının təmin olunması ilə məhdudlaşmır.

Ekspert əlavə edib ki, Mərkəzi Asiya ölkələri artıq Rusiya və Çindən yan keçməklə Avropa bazarlarına çıxış üçün alternativ marşrutlar formalaşdırır və bu planlar son illər müxtəlif səviyyələrdə dəfələrlə səsləndirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31