Trampın reytinqi yerlərdə sürünür - İDDİA

"Gallup" şirkətinin keçirdiyi sorğuya əsasən, ABŞ prezidenti Donald Trampın fəaliyyətinin bəyənilmə reytinqi anti-rekord səviyyədə - 36 faizdə qalmaqda davam edir.

Olaylar.az xəbər verir ki, şirkətin saytında dərc olunan nəticələrə görə, amerikalıların dəyişməz olaraq 36 faizi Trampın fəaliyyətini dəstəkləyir.

Bu göstəriciyə respublikaçıların 89 faizi, müstəqil seçicilərin 25 faizi və demokratların cəmi 3 faizi daxildir. Reytinq əvvəlki ayla müqayisədə dəyişməyib və Trampın ikinci prezidentlik dövründə qeydə alınan ən aşağı səviyyə olaraq qalır.

Sorğuya əsasən, ABŞ-də ən populyar siyasi fiqur Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauelldir - ona respondentlərin 44 faizi dəstək verir. İkinci yerdə 41 faizlə dövlət katibi Marko Rubio qərarlaşıb. Üçüncü yeri isə hər biri 39 faiz dəstək alan vitse-prezident Cey Di Vens və səhiyyə naziri kiçik Kennedi bölüşür. Ən az dəstək alan siyasətçi Senatda demokrat azlığının lideri Çak Şumer olub - onu cəmi 28 faiz respondent dəstəkləyib.

Sorğunun nəticələrinə görə, amerikalıların 48 faizi Trampı güclü və qətiyyətli lider hesab edir. 40 faiz onun ABŞ üçün zəruri dəyişiklikləri həyata keçirə biləcəyinə inanır. Bununla belə, respondentlərin yalnız 30 faizi Trampın dürüst və etibarlı lider olduğunu düşünür.

Eyni zamanda, sorğu göstərir ki, amerikalıların cəmi 24 faizi ölkənin hazırda düzgün istiqamətdə inkişaf etdiyini hesab edir.

Sorğu 1-15 dekabr tarixlərində ABŞ üzrə 1016 yetkin respondent arasında aparılıb. Statistik xəta payı 4 faiz bəndi təşkil edir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31