Orban: Aİ 2022-ci ildə Rusiya ilə münaqişənin qarşısını ala bilərdi, amma qarşıdurma yolunu seçdi- ÖZƏL

Macarıstanın baş naziri Viktor Orbanın sözlərinə görə, Avropa İttifaqı 2022-ci ildə Ukrayna ilə Rusiya arasında yaranan gərginliyin genişmiqyaslı münaqişəyə çevrilməsinin qarşısını ala bilərdi, lakin ABŞ administrasiyasının təsiri altında hərbi qarşıdurma yolunu seçdi. O bildirib ki, Avropa, əslində, "Ukrayna-Rusiya müharibəsinə cəlb olundu". Olaylar.az xəbər verir ki, Orban bu fikirləri Magyar Nemzet qəzetinə müsahibəsində səsləndirib. Onun sözlərinə görə, 2022-ci ilin fevralında Aİ Moskva və Kiyevə sülhməramlı missiya göndərərək vasitəçi rolunu oynaya bilərdi:
"Avropa həmin vaxt münaqişəni öz müharibəsi elan etməsəydi və sülhməramlı təşəbbüslə çıxış etsəydi, bu gün müharibə təhlükəsi üzərimizdə bu qədər ağır şəkildə hiss olunmazdı", - deyə o bildirib.
Macarıstan hökumət başçısı qeyd edib ki, bunun əvəzinə Avropa "Amerikanın təzyiqi altında müharibə yoluna qədəm qoydu". Orbanın fikrincə, məhz Bayden administrasiyasının müdaxiləsi Aİ daxilində mövqelərin müharibə tərəfdarlarının xeyrinə dəyişməsinə təsir göstərib. O, hazırkı ABŞ prezidenti Donald Trampın isə "sülh xəttini dəstəklədiyini" xatırladıb.
Orban hesab edir ki, baş verənlər Avropa İttifaqı üçün dərs olmalıdır:
"Avropa strateji qərarlarını ABŞ-dakı daxili siyasi dövrlərdən asılı şəkildə verməməlidir. Amerika ilə münasibətlər əhəmiyyətlidir, lakin Avropada qəbul olunan qərarlar yalnız Avropanın maraqlarına əsaslanmalıdır", - deyə Macarıstanın baş naziri vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31