Kobaxidze: Gürcüstanda ərzaq qiymətləri Avropadan xeyli bahadır – ÖZƏL

Gürcüstanda istehlak qiymətləri Avropa ölkələri ilə müqayisədə xeyli yüksəkdir. Olaylar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze istehlak qiymətləri ilə bağlı videoçıxışında bildirib.

Onun sözlərinə görə, eyni beynəlxalq brendə məxsus məhsulların Gürcüstan və Fransadakı şəbəkə marketlərində qiymət müqayisəsi ciddi fərqləri ortaya qoyur. Belə ki, konkret markaya aid günəbaxan yağı Gürcüstanda 34 faiz, makaron 97 faiz, düyü 180 faiz, kərə yağı 30 faiz, pendir 42 faiz, şokolad isə 47 faiz daha bahadır.

Baş nazir qeyd edib ki, bu qiymət fərqi əsasən distribütor şirkətlərin və marketlərin yüksək əlavə qiymət (naçənka) tətbiq etməsi ilə bağlıdır. Onun sözlərinə görə, Gürcüstan sərhədindən mağaza rəfinə qədər məhsullar üzrə orta hesabla 86 faizlik əlavə qiymət formalaşır.

Kobaxidze bildirib ki, Gürcüstanda bəzi pərakəndə satış şəbəkələrinin xalis mənfəət marjası 7, 8, hətta 14 faizə çatır, halbuki Avropada bu göstərici orta hesabla 2 faizdir.

Baş nazirin sözlərinə görə, məhsullara tətbiq edilən yüksək naçənka və maliyyə yükü nəticəsində yerli istehsalçılar üçün məhsullarını Gürcüstan marketlərində satmaqdan daha çox, xaricə ixrac etmək sərfəli olur. O vurğulayıb ki, bu isə ölkə üçün ciddi problemdir, çünki dövlətin marağı yerli istehsalın təşviqi və idxalın maksimum azaldılmasından ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31