Suriya "nazirlər Putinlə görüşüb" deyir, Kreml susur
24 Dekabr 10:34 DünyaSuriyanın xarici işlər naziri Əsəd əl-Şeybani və müdafiə naziri Murhaf Əbu Qasr Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli hərbi-texniki tərəfdaşlığın inkişaf yollarını müzakirə ediblər.
Olaylar.az xəbər verir ki, məlumatı SANA xəbər agentliyi yayıb:
"Rusiya Federasiyası ilə müdafiə sahəsində əməkdaşlıq Suriyada və bütün Yaxın Şərq regionunda təhlükəsizlik və sabitliyin gücləndirilməsinə yönəlib".
Məlumatda qeyd edilib ki, danışıqlar "hərbi texnikanın modernləşdirilməsi və müasir inkişafların tətbiqi, eləcə də hərbi-texniki təcrübənin ötürülməsi yolu ilə Suriya ordusunun müdafiə qabiliyyətinin artırılması" mövzusuna yönəlib.
SANA əlavə edib ki, "hərbi-sənaye kompleksində əməkdaşlığın strateji xarakterinə xüsusi diqqət yetirilib".
Məlumata görə, son regional və qlobal hadisələri müzakirə edərkən tərəflər "Dəməşq və Moskva arasında beynəlxalq forumlarda siyasi və diplomatik koordinasiyanın vacibliyini" vurğulayıblar.
Agentlik əlavə edib ki, görüşdə iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri, iqtisadi infrastrukturun bərpası və inkişafı layihələri və Suriyaya investisiya cəlb etmək məsələləri müzakirə olunub:
"Rusiya ilə ikitərəfli ticarət və tərəfdaşlıqların genişləndirilməsi Suriya iqtisadiyyatına müsbət təsir göstərməyi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına töhfə verməyi hədəfləyir".
Maraqlıdır ki, Kremlin mətbuat xidməti hələlik belə bir görüşün olmasına dair hər hansı məlumat açıqlamayıb. (Musavat.com)