ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi adanı ABŞ-ın bir hissəsi etmək niyyətindədir- ÖZƏL
12:38 DünyaABŞ-ın Luiziana ştatının qubernatoru Ceff Lendri Qrenlandiya üzrə xüsusi nümayəndə təyin edildikdən sonra adanı ABŞ-ın tərkibinə qatmaq niyyətində olduğunu bildirib. Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
C.Lendri X sosial şəbəkəsində yazıb ki, bu könüllü vəzifəni yerinə yetirmək onun üçün şərəfdir və məqsədi Qrenlandiyanı ABŞ-ın bir hissəsinə çevirməkdir. O, yeni vəzifəsinin qubernator kimi fəaliyyətinə heç bir təsir göstərməyəcəyini də qeyd edib.
ABŞ prezidenti Donald Tramp Truth Social platformasında Lendrini Qrenlandiya üzrə xüsusi nümayəndə təyin etdiyini açıqlayıb. Trampın sözlərinə görə, Lendri Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıdığını anlayır və ölkənin maraqlarını qətiyyətlə müdafiə edəcək.
Donald Tramp martın 13-də ABŞ-ın Qrenlandiyanı anneksiya edəcəyinə əminliyini ifadə edib. Martın 4-də isə o, adanın əhalisinin ABŞ-a qoşulmaq qərarını dəstəkləyəcəyini bildirib. Tramp daha əvvəl dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin zəruriliyini vurğulayıb və Danimarka adadan imtina etmədiyi təqdirdə yüksək ticarət rüsumları tətbiq edilə biləcəyi ilə hədələyib. Hələ ilk prezidentlik dövründə Tramp Qrenlandiyanı almağı təklif etmişdi, lakin Danimarka və Qrenlandiya hakimiyyətləri bu ideyanı rədd etmişdi.
Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO çərçivəsində müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsi ilə bağlı müqavilə imzalayıb. Həmin sənədə əsasən, ABŞ adanı mümkün xarici təhdidlərdən qorumağı üzərinə götürüb.