Fransada erməni məhbuslarla bağlı təşəbbüslər artır – ÖZƏL

Olaylar.az xəbər verir ki, son günlər Fransanın yerli özünüidarəetmə orqanları tərəfindən Azərbaycanda saxlanıldığı iddia edilən erməni məhbusların müdafiəsi və azadlığa buraxılması ilə bağlı təşəbbüslərin artdığı müşahidə olunur.

Xüsusilə dekabrın 17-də Paris Şəhər Şurası Azərbaycanda guya özbaşına saxlanılan erməni məhbusların müdafiəsi və dərhal azad edilməsi tələbi ilə qətnamə qəbul edib. Paris bələdiyyə rəhbərliyi bu sənədlə insan hüquqlarının müdafiəsinə, "Artsax xalqına" dəstəyə və beynəlxalq hüquq normalarına sadiqliyini bəyan edib.

Qətnamədə qeyd olunur ki, 2020-ci ilin sentyabrında başlayan hərbi əməliyyatlardan, eləcə də 2023-cü ilin sentyabrında "Artsax Respublikası"nın süqutundan sonra bir qrup erməni siyasi, hərbi və mülki şəxs həbs edilib və hazırda Bakıda məhkəmə proseslərinə cəlb olunub. Sənəddə həmçinin 2020-ci ildən etibarən Paris şəhəri tərəfindən həyata keçirilən humanitar yardım, siyasi dəstək, "Artsax xalqına" fəxri vətəndaşlıq verilməsi və məcburi köçkün ermənilərin problemlərinə beynəlxalq diqqətin cəlb olunması məqsədilə görülən tədbirlər xatırladılır.

Eyni gün oxşar mövqe Nitsa şəhəri tərəfindən də ifadə olunub. Mer Kristian Estrozinin təşəbbüsü ilə bələdiyyə binasının fasadında 23 erməni məhbusun fotosu yerləşdirilib. Nitsa meri sosial şəbəkələrdə yaydığı bəyanatda bu şəxsləri "girovlar" adlandırıb və Fransa ilə Avropanı Azərbaycan hakimiyyətinə qarşı qəti addımlar atmağa çağırıb.

Paris və Nitsada eyni vaxtda irəli sürülən bu təşəbbüslərin təsadüfi olmadığı bildirilir. Məlumata görə, Fransanın bir sıra icmaları və yerli idarəetmə orqanları beynəlxalq siyasi və diplomatik səviyyələrdə səssizlik və fəaliyyətsizlik fonunda erməni məhbuslar məsələsini gündəmdə saxlamağı özlərinə mənəvi və siyasi öhdəlik hesab edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31