Avropa ölkələri gənclərin axınını azaltmaq üçün Kiyevə təzyiqi artırır- ÖZƏL

Avropa ölkələri Ukraynadan gənclərin və qaçqınların kütləvi axınının qarşısını almaq məqsədilə Kiyevə təzyiq göstərir. Olaylar.az xəbər verir ki, bu barədə İspaniyanın El Pais qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Almaniya, Polşa və Çexiya Ukrayna hakimiyyətinə ölkə vətəndaşlarının Avropaya çıxışını məhdudlaşdırmaq zərurətini çatdırıblar. Məhz bu üç ölkə münaqişənin əvvəlindən bəri ən çox ukraynalı qaçqın qəbul edən dövlətlərdir. Hər bir ölkə vəziyyəti fərqli səbəblərlə izah etsə də, ümumi mövqe ondan ibarətdir ki, onların qəbul imkanları artıq həddə yaxınlaşır.
Qəzet qeyd edir ki, Avropa Komissiyası da dekabr ayında ukraynalı qaçqınlardan daxil olan müraciətlərin payız aylarında kəskin artdığını təsdiqləyib. Brüsselin versiyasına görə, buna səbəb avqustda qəbul edilən və 18-22 yaş arası kişilər üçün Ukrayna sərhədindən keçidi asanlaşdıran qərar olub.
El Pais Ukraynadakı demoqrafik vəziyyəti "fəlakətli" kimi qiymətləndirir. Nəşrin yazdığına görə, ölkəni tərk edənlərin böyük əksəriyyəti qadınlar, uşaqlar və gənclərdir - yəni yeni həyata daha tez uyğunlaşa bilən əhali qrupu. Bundan əlavə, hərbi vəziyyət ləğv edildikdən sonra yüz minlərlə kişinin ailələri ilə birləşmək üçün Ukraynanı tərk etmək istəyə biləcəyi də istisna edilmir.
Avrostatın məlumatına əsasən, hazırda Avropa İttifaqı ölkələrində müvəqqəti müdafiə statusundan istifadə edən ukraynalıların sayı 4,3 milyon nəfərdir. Onların 1,23 milyonu (28,6%) Almaniyada, 965 mini (22,5%) Polşada, 393 mini (9,1%) isə Çexiyada yaşayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31