Şarmanaşvili: “Məni sanksiya edirsinizsə, edin, amma gürcü xalqından nə istəyirsiniz?”- ÖZƏL
11:32 DünyaGürcüstanın hakim "Gürcü Arzusu" partiyasının deputatı Tengiz Şarmanaşvili Avropa Komissiyasının Gürcüstanın Avropa İttifaqı ilə vizasız rejimi itirə biləcəyi ilə bağlı bəyanatını sərt tənqid edib. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Gürcüstan hakimiyyəti Assosiasiya Sazişində nəzərdə tutulan bütün tələblərə əməl edir və 2028-ci ilədək öhdəliklərin demək olar ki, 100 faizini yerinə yetirməyi planlaşdırır. Şarmanaşvili bildirib ki, sonradan əlavə şərtlərin irəli sürülməsi "oyun qaydalarının dəyişdirilməsi" deməkdir və bu, Gürcüstanı haqsız seçim qarşısında qoyur.
Deputat qeyd edib ki, Avropa İttifaqı əvvəllər bir sıra məsələlərin, o cümlədən sosial və hüquqi mövzuların Gürcüstanın daxili qanunvericiliyinə aid olduğunu bildirirdi. Şəffaflıqla bağlı qanunvericiliyin isə yalnız Gürcüstana məxsus olmadığını deyən Şarmanaşvili Fransada, Avropa İttifaqında və ABŞ-da oxşar qanunların mövcudluğunu xatırladıb.
Vizasız rejimlə bağlı monitorinqlər zamanı hər il müsbət qiymətləndirmələrin verildiyini vurğulayan deputatın fikrincə, buna baxmayaraq, indi əlavə məhdudiyyətlərin gündəmə gətirilməsi ədalətsiz yanaşmadır. O bildirib ki, Gürcüstan Konstitusiyasını, milli qanunvericiliyini və milli maraqlarını qorumaqdan geri çəkilməyəcək.
"Əgər sanksiya tətbiq edəcəksinizsə, məni sanksiya edin. Amma gürcü xalqından nə istəyirsiniz? Axı deyirsiniz ki, gürcü xalqının yanındasınız. Bu yanaşma yalan üzərində qurulub", - deyə Şarmanaşvili vurğulayıb.
Deputatın fikrincə, Avropa bürokratiyası Gürcüstanı öz planlarına uyğun istiqamətə yönəltməyə çalışır və bu, ölkəni Rusiya ilə təhlükəli qarşıdurmaya, hətta hərbi toqquşmaya sürükləyə bilər.
Qeyd edək ki, Avropa Komissiyası vizasız rejimin dayandırılması mexanizmi üzrə səkkizinci hesabatını dərc edib. Hesabatda bildirilir ki, Gürcüstan idarəçilik və qanunun aliliyi sahəsində ciddi geriləmə yaşayıb. Yeni qaydalara əsasən, ilkin mərhələdə vizasız rejimin dayandırılması diplomatik, xidməti və rəsmi pasport sahiblərinə şamil oluna bilər. Problemlər aradan qaldırılmasa, növbəti mərhələdə bu məhdudiyyət bütün əhaliyə tətbiq edilə və Gürcüstan vizasız rejimi tamamilə itirə bilər.