Əhməd Vahidi: "Hər hansı təhdidə kəskin cavab veriləcək" – ÖZƏL
10:39 Dünyaİran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, briqada generalı Əhməd Vahidi ölkənin hərbi qüdrətinin artdığını və bütün təhdidlərə qarşı tam hazır olduqlarını bəyan edib.
Olaylar.az xəbər verir ki, Yəmənin "Əl-Məsirə" telekanalına müsahibə verən general Vahidi, İranın üzləşdiyi sanksiyalara və təzyiqlərə baxmayaraq, müdafiə imkanlarını inkişaf etdirdiyini vurğulayıb. O, "12 günlük müharibə" təcrübəsinin ordunun bölmələri arasında koordinasiyanı və döyüş hazırlığını daha yüksək səviyyəyə qaldırdığını qeyd edib.
"Biz düşmənlərimizin hər bir addımını izləyirik. İranın təhlükəsizliyinə və suverenliyinə yönəlmiş istənilən təhdid ən sərt şəkildə cavablandırılacaq."
General vurğulayıb ki, daxili istehsal və hərbi sahədə özünü təminetmə İranın müdafiə üstünlüyünün təməl daşıdır. Sanksiyalar xalqın iradəsini sındıra bilməyib.
İsrailin təhdidlərinə toxunan Vahidi, bu bəyanatların yeni olmadığını və onların uğursuzluqlarını ört-basdır etmək cəhdindən başqa bir şey olmadığını bildirib: "Bu təhdidlər faydasızdır və onların məqsədlərinə çata bilməməsinin nəticəsidir."
Vahidi sonda qeyd edib ki, İran regiondakı vəziyyəti diqqətlə izləyir və istənilən ssenariyə qarşı hərbi hazırlıq səviyyəsi maksimum dərəcədədir.