Nepal hakimiyyəti Everesti təmizləmək üçün beşillik plan açıqladı- ÖZƏL
10:11 DünyaNepal hakimiyyəti dünyanın ən hündür zirvəsi olan Everestin təmizlənməsi məqsədilə beşillik kompleks fəaliyyət planının icrasına başlayır. Olaylar.az xəbər verir ki, bu barədə The Kathmandu Post qəzeti mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Everesti tez-tez "dünyanın ən yüksək zibilliyi" adlandırırlar. Mövcud ekoloji böhran isə iqlim dəyişikliyi fonunda daha da dərinləşib. Qar və buzlaqların əriməsi nəticəsində uzun illər buz örtüyü altında qalmış məişət tullantıları ilə yanaşı, insan qalıqları da üzə çıxır. Bu hal su hövzələrinin çirklənməsi riskini artırır və çayların aşağı axarında yaşayan əhali üçün sağlamlıq təhlükəsi yaradır.
Nepalın Mədəniyyət, Turizm və Mülki Aviasiya Nazirliyi tərəfindən açıqlanan proqram çərçivəsində Everestin baza düşərgəsinin (5 364 m) köçürülməsi imkanlarının texniki-iqtisadi əsaslandırılması da nəzərdə tutulur. Hazırda baza düşərgəsi Xumbu buzlağı boyunca bir kilometrdən artıq ərazini əhatə edir və daim dəyişən, əriməkdə olan buzlaq üzərində yerləşir. Böyük buz kütlələri ilə əhatə olunan bu ərazi xüsusilə yay aylarında daha qeyri-sabit olur, çünki ərimiş sular buzlaq boyunca axır.
Yaz alpinizm mövsümündə baza düşərgəsi yüzlərlə alpinist və xidmət personalının yerləşdiyi sıx çadır şəhərciyinə çevrilir. Sobalar, qızdırıcılar və generatorlardan istifadə isə ekoloji yükü daha da artırır.
Turizm Departamentinin rəhbəri Himaal Qautam bildirib ki, hökumət dağ massivinin dayanıqlığını təmin etmək məqsədilə baza düşərgəsinin köçürülməsi imkanlarını araşdırmaq qərarına gəlib:
"Düşərgə həddindən artıq yüklənib və həssas ərazidə yerləşir. Aparılacaq araşdırma alternativ məkanın perspektivlərini qiymətləndirməyə imkan verəcək."
Qeyd edək ki, yeni plan Everestin ekoloji baxımdan qorunması və gələcək nəsillər üçün daha təhlükəsiz hala gətirilməsi məqsədi daşıyır.