Ərdoğan açıqladı: Ermənistanla simvolik addımlar nələri əhatə edəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 16-cı Səfirlər Konfransında çıxışı zamanı region üçün mühüm əhəmiyyət daşıyan, diqqətçəkən açıqlamalarla çıxış edib. Türkiyə lideri bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi artıq həlledici mərhələyə qədəm qoyub və tərəflər razılaşmaya olduqca yaxındırlar.

Ərdoğan vurğulayıb ki, Türkiyə bu prosesdə balanslı və prinsipial mövqe nümayiş etdirir: bir tərəfdən strateji müttəfiqi Azərbaycanla daim sıx dialoq aparır, digər tərəfdən isə regionda davamlı sülhün və sabitliyin təmin olunması məqsədilə Ermənistanla normallaşma proseslərini mərhələli şəkildə irəlilədir.

Türkiyə Prezidenti xüsusilə qeyd edib ki, illərdir münaqişələr, gərginliklər və qarşıdurmalar səbəbindən sülhə həsrət qalan Cənubi Qafqaz bu gün tarixi bir dövrdən keçir.

Çıxışında gələcəyə dair konkret mesajlar da verən Türkiyə lideri bildirib ki, Ermənistanla münasibətlərdə gələn ilin əvvəlindən etibarən bir sıra simvolik addımların atılması planlaşdırılır.

Bəs bu simvolik addımlar nədən ibarət ola bilər?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb. Politoloqun fikrincə, Rəcəb Tayyib Ərdoğan simvolik addımlardan danışarkən böyük ehtimalla Ermənistanla sərhədin açılması, diplomatik münasibətlərin qurulması və ticarətin başlanmasını nəzərdə tutur:

"Doğrudur, Türkiyə rəsmiləri, o cümlədən Ərdoğan və xarici işlər naziri Hakan Fidan, əvvəlcədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının vacibliyini də vurğulayırdılar. Amma artıq Azərbaycan özü də simvolik addımlar atmağa başlayıb.

Belə ki, Rusiya və Qazaxıstanın taxılı Azərbaycan və Gürcüstan üzərindən Ermənistana çatdırılır. Eyni zamanda Azərbaycan neft məhsulları, o cümlədən yanacaq satışına da start verib. Bütün bu tədbirlər Azərbaycan tərəfindən həyata keçirilərkən, eyni zamanda sülh quruculuğuna da mühüm töhfə verilir".

Elxan Şahinoğlunun fikrincə, əgər Azərbaycan bu istiqamətdə addımlar atırsa, Türkiyə də oxşar şəkildə fəaliyyət göstərə bilər:

"Yəni, Ermənistan birbaşa ticarətin başlanmasına start verərək bu simvolik addımlardan birini reallaşdıra bilər. Bu, regionda normallaşma və qarşılıqlı etimadın bərpası baxımından əhəmiyyətli bir nümunə hesab olunur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31