Xristianlıq adı ilə ideologiya: Rusiya Pravoslav Kilsəsi bidətdə ittiham olundu

Bu həftə Moskvada patriarx Kirillin rəhbərlik etdiyi "Ümumdünya Rus Xalq Məclisi"nin iclası keçirilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, iclasda Rusiya Pravoslav Kilsəsinin mövqeyinə əsasən, "Rusiya dövlət-sivilizasiya kimi formalaşıb" və onun missiyası qlobal "qaranlıq qüvvə"yə qarşı durmaqdan ibarətdir. İki həftə əvvəl isə məhz bu ideyalar Helsinkidə Avropa Kilsələri Konfransında xristian təlimini təhrif edən və bidət xarakterli baxışlar kimi qiymətləndirilib.

Konfransın iştirakçılarından biri ukraynalı ilahiyyatçı Kirill Qovorun olub. O, uzun illər patriarx Kirilllə birgə çalışsa da, 2012-ci ildən etibarən onun açıq tənqidçilərindən biridir. Rusiyanın "MO" saytına verdiyi geniş müsahibədə ata Kirill Rusiya Pravoslav Kilsəsinin xristian təlimini necə təhrif etdiyini və patriarxın bidətçi hesab edilə bilib-bilinməyəcəyini izah edib.

Qovorunnu sözlərinə görə, Əvvəlcə "rus dünyası" mümkün qədər geniş auditoriyaya xitab etmək üçün abstrakt şüarlar toplusu kimi formalaşıb. Lkain Rusiya Pravoslav Kilsəsinin fəal iştirakı ilə zamanla bu doktrinanın üç əsas dayağı yarandı:
- "ənənəvi dəyərlər",
- patriotizm,
- rus sivilizasiyasının müstəsnalığı.

"Bunlar patriarxın şəxsi leksikonuna aid anlayışlardır, - deyə Kirill Qovorun bildirir. - Hər şey məhz kilsənin daxilində başladı, daha sonra isə bu doktrina fəal şəkildə Kremlə 'satıldı'."

Bu gün "Rus dünyası" artıq formalaşmış bidətçi doktrinadır. Çünki onun əsasında qara-ağ, dualist dünya təsəvvürü dayanır: burada Rusiya "işıq tərəfi", ona qarşı duran Qərb isə "qaranlıq tərəf" kimi təqdim olunur. Xeyirlə şəri bərabərləşdirən bu baxış xristian fəlsəfəsinə kökündən ziddir. Bu dünyagörüşü çox qədimdir, xristianlıqdan əvvəlki dövrlərə aiddir. Tarix boyu onunla bidət kimi mübarizə aparılıb, amma müxtəlif formalarda mövcudluğunu davam etdirib", - deyə Qovorun qeyd edir və manixeizm bidətini xatırladıb.

Qovorun Rusiya Pravoslav Kilsəsinin ilahiyyatçılarını Üçüncü Reyxin teoloqları ilə müqayisə edir. Həmin teoloqlar vaxtilə İsanın yəhudi olmadığını "sübut" etməyə çalışırdılar. O, həmçinin Cənubi Afrikada aparteid dövründə irqçi üstünlüyün Bibliya ilə əsaslandırılmasına cəhd edən keşişləri misal çəkib.

"Bu cür ilahiyyatı tam mənası ilə bidət hesab etmək olar. 'Rus dünyası' bu mənada XX əsrin klassik bidətidir. Tarixdə oxşar bidətlər vaxtilə nasizmi, faşizmi, aparteidi və digər ideologiyaları dəstəkləyib. Yəni bu, müxtəlif bidətçi təzahürləri olan çoxüzlü Yanusdur", - deyə Kirill Qovorun qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31