“Qiyamət əlaməti” ortaya çıxdı: Azərbaycandan 6 saatlıq məsafədə yerləşir

Son 50 ilin ən quraq payızını yaşayan İranda qeydə alınan qeyri-adi görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub.

Olaylar.az-ın məlumatına görə, uzunmüddətli quraqlıqdan sonra yağan yağış Hörmüz adasındakı məşhur "Qırmızı Çimərlik"də dəniz suyunun parlaq qırmızıya boyanmasına səbəb olub.

Hadisənin görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılıb və "qiyamət əlaməti" kimi şərh edilib.

Bəzi istifadəçilər bu mənzərəni dini mətnlərlə əlaqələndirərək, müqəddəs kitabın Vəhy hissəsində dənizlərin qana çevrilməsini təsvir edən ayələrə istinad ediblər. Sosial şəbəkələrdə "qan çayı"na bənzədilən görüntülərin ilahi xəbərdarlıq olduğu iddia olunub.

Paylaşımlarda "Əgər bu hadisə qədim dövrlərdə baş versəydi, yəqin ki, yeni bir inancın yaranmasına səbəb olardı" kimi şərhlər də yer alıb.

Mütəxəssislərin bildirdiyinə görə, bu nadir mənzərənin səbəbi adanın torpaq tərkibi ilə bağlıdır. Hörmüz adasının səthi dəmir oksidi ilə zəngin qırmızı gil qatlarından ibarətdir. Güclü yağıntılar zamanı bu torpaq yuyularaq dənizə axır və nəticədə sahilboyu sular tünd qırmızı çalar alır.

Qeyd edək ki, Hörmüz boğazı İranın cənub sahilindədir. Azərbaycandan təxminən 6-7 saatlıq hava məsafəsində yerləşir. (Globalinfo.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31