Dəhşətli kiberhücum: 34 milyon şəxsin məlumatlatı...

Cənubi Koreyada elektron ticarət platforması olan və ölkədə "Amazon"un analoqu sayılan Coupang-a qarşı kiberhücum genişmiqyaslı məlumat sızıntısına səbəb olub.

Musavat.com xəbər verir ki, The Wall Street Journal-ın məlumatına görə, hücum nəticəsində 34 milyona qədər istifadəçi hesabına aid məlumatlar ələ keçirilib. Bu rəqəm ölkənin əmək qabiliyyətli əhalisinin 90 faizindən çoxuna bərabərdir.

Sızan məlumatlar arasında istifadəçilərin ad-soyadları, telefon nömrələri, hətta yaşayış binalarına giriş kodları da var. Məlumata görə, sızma beş aydan artıq müddətdə aşkar edilməyib və yalnız bir istifadəçinin şübhəli aktivliklə bağlı şikayətindən sonra üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, ehtimal olunan haker Çin vətəndaşıdır və əvvəllər Coupang-da proqram təminatı üzrə mütəxəssis kimi çalışıb. O, şirkətdə autentifikasiya sistemlərinə cavabdeh olub və işdən çıxdıqdan sonra belə giriş açarını özündə saxlayıb.

Qalmaqal artıq şirkət rəhbərliyində ciddi nəticələrə səbəb olub. Coupang-ın Cənubi Koreya üzrə əməliyyatlarına cavabdeh olan yüksəkvəzifəli menecer istefa verib. Platformanı isə orta illik gəlirinin 3 faizi həcmində - təxminən 750 milyon dollar cərimə gözləyə bilər. Bu, Cənubi Koreya tarixində ən böyük cərimə ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31