Rusiya səfirliyi İranda turistlərə foto-videoya qadağa barədə xəbərdarlıq edib – ÖZƏL
16:18 DünyaRusiya Federasiyasının Tehrandakı səfirliyi rusiyalı turistlərə İrana səfər zamanı foto və videoyazıdan çəkinməyi tövsiyə edib. Diplomatik nümayəndəlik bildirib ki, bu məhdudiyyətlər "arzuolunmaz insidentlərin və qeyri-ixtiyari qanun pozuntularının qarşısını almaq" məqsədi daşıyır.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Səfirliyin Telegram kanalında dərc olunan açıqlamada qeyd olunur ki, "Rusiya vətəndaşlarına İran İslam Respublikasına səfərlər zamanı yerli qanunvericiliyin tələblərinə ciddi əməl etmələri, ehtiyatlı və diqqətli olmaları" tövsiyə edilir.
Bu xəbərdarlığın konkret nə ilə bağlı olduğu və son vaxtlar bu sahədə hadisələrin baş verib-vermədiyi açıqlanmır.
Rəşt şəhərindəki Rusiya Baş Konsulluğunun saytında bildirilir ki, İranda dövlət idarələrinin, xarici diplomatik nümayəndəliklərin və hərbi obyektlərin foto və videoya çəkilməsi qadağandır. Bu ərazilərdə xüsusi xəbərdarlıq lövhələri olur və qaydaları pozan şəxslər həbs oluna bilər. Bununla yanaşı, şəhər görməli yerlərinin, tarixi abidələrin və gündəlik həyat səhnələrinin çəkilişinə icazə verilir.
Rusiya və İran arasında 2023-cü ildən etibarən qrup halında vizasız turist səfərləri mexanizmi fəaliyyət göstərir. Qaydalara əsasən, 5-dən 50 nəfərədək olan təşkilatlanmış turist qrupları İranda 15 günə qədər vizasız qala bilirlər.