Dəməşq: İsrailin Beyt Cana hücumu “tammiqyaslı müharibə cinayətidir”- ÖZƏL

Suriya Xarici İşlər Nazirliyi İsrail Silahlı Qüvvələrinin Dəməşq vilayətinin Beyt Cann yaşayış məntəqəsinə endirdiyi hava və artilleriya zərbələrini "tammiqyaslı müharibə cinayəti" adlandırıb. Olaylar.az xəbər verir ki, bu barədə nazirliyin açıqlaması qurumun teleqram kanalında dərc olunub. Bəyanatda vurğulanır ki, İsrailin "Suriya ərazisinə uğursuz nüfuz cəhdindən sonra" həyata keçirdiyi "qəsdən və qəddar hücum" beynəlxalq hüququn bütün normalarını pozur və mülki əhaliyə qarşı ağır cinayət kimi qiymətləndirilməlidir.
Məlumata görə, hücum nəticəsində azı 13 nəfər həlak olub, 25-dən çox insan, o cümlədən qadınlar və uşaqlar yaralanıb. Suriya TV-nin məlumatına əsasən, zərbələrdən sonra İsrail hərbi patrulu yaşayış məntəqəsinə daxil olub və yerli sakinlərlə qarşıdurma yaranıb. Bildirilir ki, əməliyyat zamanı İsrail hərbçiləri ən azı üç nəfəri saxlayıb. Dəməşq baş verənləri təkcə hərbi təxribat deyil, həm də Suriyanın suverenliyinə qarşı ağır pozuntu adlandırıb və beynəlxalq ictimaiyyəti İsrailin hərəkətlərinə qiymət verməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31