Belçika: Rus aktivlərinin Ukraynaya yönəldilməsi planı ciddi risklər yaradır – ÖZƏL

Belçikanın Baş naziri Bart de Vever Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərini Ukraynanın maliyyələşdirilməsi üçün istifadə etmək planının ciddi iqtisadi və geosiyasi nəticələr yarada biləcəyi barədə xəbərdarlıq edib. Olaylar.az xəbər verir ki, bu barədə Euractiv məlumat yayıb.

De Veverin Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə göndərdiyi məktubda bildirilir ki, bu mexanizm Brüsseldə yerləşən Euroclear depositarisinin nüfuzuna zərər vura bilər. Həmin qurumda saxlanılan 185 milyard avroluq Rusiya aktivləri "reparasiya krediti" üçün istifadə edilməyi nəzərdə tutur.

O qeyd edib ki, bu sxemin faydaları bütün Aİ ölkələrinə aid olsa da, risklərin və mümkün hüquqi problemlərin əsas yükü Belçikanın üzərinə düşəcək ki, bu da ədalətsizdir. Baş nazirin şərtlərinə görə, əgər Moskva ilə bağlı sanksiyalar qaldırılarsa, Aİ ölkələri birgə şəkildə Euroclear-in mümkün itkilərini qarşılamaq üçün likvidlik təmin etməli və riskləri bölüşməlidirlər. Həmçinin digər Qərb ölkələri də analoji öhdəliklər götürməlidir.

De Veverin sözlərinə görə, bu plan investorları Aİ borc kağızlarını satmağa və ya vəsaitlərini Euroclear və digər Avropa institutlarından çıxarmağa sövq edə bilər ki, bu da "sistemli riskləri artıraraq" avronu potensial şəkildə qeyri-sabit vəziyyətə sala bilər.

Baş nazir alternativ olaraq Aİ-nin yeddi illik büdcəsində istifadə olunmamış vəsaitlərin prioritetləşdirilməsini təklif edib. O həmçinin xəbərdarlıq edib ki, belə bir proqramın tələsik tətbiqi Ukrayna və Rusiya arasında mümkün sülh danışıqlarına mane ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31