Aİ Belçikanın Rusiya aktivlərindən faydalandığından şübhələnir- ÖZƏL
10:59 DünyaOlaylar.az xəbər verir ki, Politico-nun yazdığına görə, Avropa İttifaqının bir sıra ölkələri Belçikanın dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərdən öz maraqları üçün istifadə edib-etmədiyinə dair şübhələr irəli sürür və bunu araşdırmaq niyyətindədir. Söhbət həmin gəlirlərin Ukraynaya yönləndirilməsinin gecikdirilməsi ehtimalından gedir. Məlumat Avropa diplomatik mənbələrinə istinadən verilib.
Diplomatların sözlərinə görə, əgər Belçika Rusiya aktivlərinin Ukraynanın xeyrinə müsadirəsi ilə bağlı qərarı bloklamaqda davam edərsə, dekabrda keçiriləcək Aİ sammiti ərəfəsində digər üzv dövlətlərin təmsilçiləri hazırlıq görüşlərində bu məsələyə daha çox toxunacaqlar. Onlar Belçikanın Ukraynaya dəstəyi hansı mənbədən maliyyələşdirdiyi barədə əlavə məlumat almağa çalışacaqlar-ölkənin öz büdcəsi hesabına, yoxsa Rusiya aktivlərindən əldə edilən gəlirlər vasitəsilə.
Qeyd edilib ki, "Yeddilik qrupu" 2024-cü ildə Rusiya aktivlərindən əldə olunan reinvestisiya gəlirləri hesabına ödənilməsi planlaşdırılan 45 milyard avroluq kredit xətti açıb.
Avropa ölkələrinin diplomatik nümayəndələrindən biri bildirib ki, Belçikanın qərarı gecikdirməsi fonunda ölkənin məsələnin Avropanın təhlükəsizliyi üçün nə qədər ciddi olduğunu anlayıb-anlamadığı sual altına düşüb. Onun fikrincə, mövcud məlumatlar Belçikanın vəd etdiyi kimi bütün əlavə gəlirləri Ukraynanın xeyrinə yönəltmədiyi ilə bağlı şübhələr yaradır.
Politico bu məsələ ilə bağlı Aİ-nin beş ölkəsinin nümayəndələri ilə danışıb. Onların hamısı anonim qalmağı istəyib. Diplomatlar şübhələrini Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatları ilə əsaslandırıblar. İnstitutun hesablamalarına görə, 2022-ci ildən 2025-ci il avqustun 31-dək Belçika Ukraynaya 3,4 milyard avro yardım ayırsa da, təkcə 2024-cü ildə Rusiya aktivlərindən əldə olunan vergi gəlirləri 1,7 milyard avroya çatıb.
Belçika hökumətinin nümayəndəsi ittihamları rədd edib. Onun sözlərinə görə, toplanan bütün vergilər Ukraynanın xeyrinə nəzərdə tutulub. Lakin o, bu vəsaitlərin artıq köçürülüb-köçürülmədiyi barədə konkret cavab verməyib. Hökumət rəsmisi bildirib ki, Belçika Ukraynanın dəstəklənməsi üçün dondurulmuş Rusiya aktivlərindən əldə olunan faiz gəlirlərindən yığılan bütün vergiləri ayırmaq öhdəliyini götürüb və 2025-ci ildə bu məbləğin təxminən 1 milyard avro olacağı gözlənilir. O əlavə edib ki, Kiyevin maliyyələşdirilməsi yalnız bu mənbə ilə deyil, həm də ölkənin dövlət büdcəsi hesabına həyata keçirilir.
Noyabrın 27-də Belçikanın Euroclear şirkəti xəbərdarlıq edib ki, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya yönəldilməsi Aİ üçün əlavə maliyyə öhdəlikləri yarada və investorları uzaqlaşdıra bilər. Həmin gün The Financial Times yazıb ki, Belçikanın baş naziri Bart De Vever Avropa Komissiyasına məktub göndərərək xəbərdarlıq edib: dondurulmuş aktivlərin sürətlə müsadirəsi Ukrayna ilə bağlı potensial sülh danışıqlarının perspektivlərini poza bilər.