Ermənistan XİN: Görüşün Bakı və ya İrəvanda keçirilməsi üzərində müzakirələr davam edir – ÖZƏL

"3+3" regional məsləhətləşmə platforması çərçivəsində növbəti görüşün tarixi və yeri hələlik müəyyən edilməyib. 

Olaylar.az xəbər verir ki, bu barədə Sputnik Ermənistanın yazılı sorğusuna cavab olaraq Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat verib.

Xəbərdə qeyd olunur ki, iclasın təşkili məsələsi artıq bir neçə aydır ki, müzakirə edilir. İştirakçı ölkələr görüşün İrəvan və ya Bakıda keçirilməsi variantlarını nəzərdən keçirirlər.

Nazirlik xatırladıb ki, regional məsləhətləşmə platformasının iştirakçıları əvvəlki iclasın yekunlarına əsasən, növbəti iki görüşün mütləq İrəvan və Bakıda keçirilməsi barədə qarşılıqlı anlaşmaya əsaslanaraq, diplomatik kanallar vasitəsilə növbəti görüşün tarixini və yerini müəyyən etməyi razılaşdırıblar.

XİN-dən verilən məlumatda "Bu istiqamətdə konstruktiv müzakirələr davam edir" deyə vurğulanıb.

Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın növbəti iclasın təşkili ilə bağlı İrəvan və Bakı arasında operativ razılaşmaya ümid etdiyini bildirmişdi.
Rusiya tərəfindən fəal şəkildə dəstəklənən "3+3" formatı regionun üç ölkəsini - Ermənistan, Azərbaycan və Gürcüstanı, habelə üç böyük regional dövləti - Rusiya, İran və Türkiyəni əhatə edir.
Gürcüstan hələlik bu formatın işində iştirak etməsə də, digər iştirakçılar Tbilisinin qapısının açıq qaldığını dəfələrlə vurğulayıblar.
Əvvəlki üç görüş ardıcıl olaraq Moskva, Tehran və İstanbulda baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31