Litva Belarusun “hibrid hücumlar”ına görə etiraz notası verdi- ÖZƏL
15:52 DünyaLitvanın Xarici İşlər Nazirliyi Belarus səfirliyinin nümayəndəsini çağıraraq ona rəsmi etiraz notası təqdim edib. Olaylar.az xəbər verir ki, Delfi-nin məlumatına görə, buna səbəb Belarus ərazisindən Litvaya qarşı "hibrid hücumlar"ın yenidən başlamasıdır.Nazirliyin açıqlamasında bildirilir ki, son günlər Belarus tərəfdən Litvanın hava məkanının pozulması faktları qeydə alınıb. Rəsmi Vilnüs bunu həm milli təhlükəsizlik, həm də mülki aviasiya üçün ciddi təhdid hesab edir. Məlumatda həmçinin vurğulanır ki, 20 və 23-24 noyabr tarixlərində baş verən hadisələr səbəbindən Vilnüs Beynəlxalq Hava Limanının fəaliyyəti məcburi şəkildə dayandırılıb. Litva tərəfi Belarusdan bu kimi pozuntuların təkrarlanmaması üçün təcili tədbirlər görməyi tələb edib. Həmçinin Belarus ərazisində saxlanılan və Avropa İttifaqında qeydiyyata alınmış yük maşınlarının geri buraxılması məsələsinin də dərhal həll olunması istənilib.
Nazirlik xəbərdarlıq edib ki, tələblər yerinə yetirilməzsə, Litva dövlət sərhədindən keçidlərlə bağlı məhdudiyyətləri bərpa etmək və əlavə cavab tədbirləri tətbiq etmək hüququnu özündə saxlayır.
Qeyd edək ki, bazar günü Litvanın hava məkanında Vilnüs hava limanına doğru hərəkət edən meteoroloji zondlar aşkarlandıqdan sonra hava limanının fəaliyyəti iki dəfə dayandırılıb. Uçuşların dayandırılması naviqasiya sistemində məhz meteoroloji zondlara xas işarələrin qeydə alınması ilə əsaslandırılıb.