Greta Thunberq Venesiyaya girişdən məhrum edildi- ÖZƏL
12:15 DünyaƏtraf mühitin müdafiəsi fəalı Greta Thunberq Venesiyaya girişi qadağan edilib və 150 avro cərimələnib. Bu qərar, onun Böyük Kanalın yaşıl rəngə boyanması aksiyasında iştirak etməsi ilə bağlı verilib. Olaylar.az xəbər verir ki, məlumatı Daily Telegraph yayıb. Venesiya hakimiyyəti 22 yaşlı isveçli fəala şəhərə 48 saatlıq giriş qadağası qoyub. Eyni cərimə və qadağa aksiyada iştirak edən digər 35 şəxsə də tətbiq olunub. Qeyd olunur ki, keçən həftəsonu ekoloji təşkilat Extinction Rebellion aktivistləri Böyük Kanalın suyuna rəngli maddə tökərək suyu parlaq yaşıl rəngə boyayıblar. Veneto bölgəsinin qubernatoru Luka Dzayya aksiyanı "şəhərin mədəni irsinə növbəti hücum" adlandırıb. Onun sözlərinə görə, belə hərəkətlər ətraf mühitin qorunmasına kömək etmir, əksinə ziyan vurur və Venesiyada təmizləmə işlərini tələb edir. Polis bir neçə iştirakçının şəxsiyyətini müəyyən edib, onların musiqi alətləri və bannerləri götürülüb.
Bildirilib ki, bu Venesiyada ilk belə hadisə deyil. ANSA agentliyinin məlumatına görə, oxşar aksiyalar 2023-cü ilin may və 2024-cü ilin aprel ayında da baş verib.