Ukrayna üçün kritik həftə - Zelenskinin Trampa verəcəyi cavab

Qərb liderləri də öz təkliflərini ABŞ-yə göndəriblər; kimin sülh planı işləyəcək?

ABŞ lideri Donald Trampın XXI əsrin ən qanlı, ən uzunmüddətli savaşını dayandırmaq səyləri, şübhəsiz, təqdirəlayiqdir. Amma təəssüf ki, haqqında danışılan hələ ki dərc edilməyən 28 bəndlik sülh sənədi daha çox Rusiya Prezidenti Vladimir Putinin ambisiyalarını ödəməyə yönəlib. Hər halda, belə bir rəy mövcuddur.

Tramp isə noyabrın 27-dək rəsmi Kiyevə vaxt verib. Əks təqdirdə, Vaşinqtonun Ukraynaya hərbi və kəşfiyyat dəstəyini kəsəcəyi bildirilir. Hərçənd Ağ Ev rəhbəri bir qədər sonra bəyan edib ki, bu, hələ yekun sənəd deyil.

Vəziyyətin kritikliyini nəzərə alan prezident Volodimir Zelenski dərhal digər müttəfiqlərlə aktiv məsləhətləşmələrə başlayıb. Xalqa müraciət edib. "Ya milli ləyaqətimizi qorumalıyıq, ya da ABŞ-ni itirə bilərik" deyib.

Ötən bazar Cenevrədə aparıcı Aİ ölkələrinin ABŞ və Ukraynadan olan həmkarları ilə birgə Vaşinqtonun sülh planını müzakirə ediblər. Müzakirənin yekunu kimi avropalı diplomatların 24 bəndlik alternativ sülh planını təqdim edəcəkləri gözlənilirdi. Bundan az öncə isə Aİ liderləri sülh planının bəzi bəndlərinin yenidən nəzərdən keçirilməsinin zəruriliyi ilə bağlı fikirlər söyləmişdilər.

"Der Şpiqel" nəşri isə yazıb ki, Qərb liderləri Rusiya-Ukrayna müharibəsi ilə bağlı öz təkliflərini ABŞ-yə göndəriblər.

Bu həftə Zelenskinin Trampa cavabı nə olacaq? İlin sonunadək müharibə Kiyev üçün məqbul şərtlərlə dayandırıla bilərmi?

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz "Yeni Müsavat"a açıqlamasında bildirib ki, Zelenski əslində Trampın "sülh təklifinə" rədd cavabını Ukrayna xalqına müraciətində dolayısıyla verib:"Ləyaqət hər bir şəxsin ən vazkeçilməz dəyəridir. Dostluqları, yaxın müttəfiqlikləri məhz bu dəyər müəyyənləşdirir. Fikrimcə, Zelenski bu fikri dilə gətirib. Nəzakət xətrinə ABŞ-ni könül dəftərindən sildiyini bildirməsə də, "sən məni ləyaqətimi itirməyə məcbur edirsən" deyərək onunla əlaqəsini kəsdiyini mesajını verib. Zelenskinin bu fikirlərini digər müttəfiqləri də dəstəkləyiblər. İş o həddə çatıb ki, hətta bu günə qədər tamamilə neytral mövqedə olan Yaponiya belə, Trampın "sülh təklifi"ni tənqid atəşinə tutub. Mən hələ Ukrayna savaşında faktiki tərəf kimi çıxış edən Aİ, Böyük Britaniya, Norveçi demirəm".

Siyasi şərhçinin fikrincə, Tramp rəhbərliyi də Ukraynanın bu təkliflə razılaşmayacağını bilməmiş olmazdı: "Çünki istənilən daimi sülhlər ədalətli sülh razılaşmaları ilə əldə oluna bilər. Əks halda, sülh sazişləri bağlansa belə, bu, qalıcı olmaz, Zelenskinin təbiri ilə desək, "ləyaqətsiz" sülh sazişini bağlayan hakimiyyətlər devrilər və onu əvəz edən yeni hökumətlər revanş müharibəsinə girmək məcburiyyətində qalar. Necə ki, I Dünya savaşı Almaniyaya zorla qəbul etdirilən öz ədalətsiz sülh sazişi ilə daha dəhşətli II Dünya müharibəsini doğurdu. Və bundan təkcə Almaniya və SSRİ deyil, bütün dünya öz nəsibini aldı. İlk başda isə Avropa ölkələri. I və II Dünya savaşları Avropa ölkələrinin dünya hegemonluğu uğrunda başlamışdısa da, soyuq müharibə illərində Qərb dünyası ABŞ-nin mərhəmətinə sığınan vəziyyətə düşdü və bu gün də bu aşağılıq kompleksindən çıxa bilmir. İkinci Dünya savaşına qədər Amerika qitəsinə sıxışıb qalan ABŞ isə birdən-birə dünya liderinə çevrildi. Qısası, Ukrayna savaşı ancaq və ancaq ədalətli sülh təklifləri ilə bitə bilər. Əks təqdirdə, Zelenski olmasa belə, onun yerinə gələn yeni hakimiyyətlər Trampın gətirdiyi sülh şərtlərindən imtina edib yenidən savaşa başlayarlar. Nəticədə yalnız Zelenski hakimiyyətini itirmiş olar".

H.Oğuz qeyd edib ki, Ukrayna və Avropa liderlərinin sərt reaksiyasından sonra Tramp administrasiyası da "sülh təklifi"ndən geri çəkilməyə başlayıb: "Trampın özü mediaya verdiyi açıqlamasında Ukraynaya təqdim edilən təkliflərin yekun sənəd olmadığını, irəli sürülən təkliflərin daha da təkmilləşdiriləcəyini vurğulayıb. ABŞ-nin bir çox senator və konqresmenləri isə Trampı Rusiyanın əlinə oynamaqda günahlandırmağa başlayıblar. Hətta onların arasında "sülh təklifi"nin Rusiyada hazırlandığını iddia edənlər də az deyil. Bir çox Qərb mətbuatda dərc olunan iddialar da bu iddianı təsdiqləyir. Məsələ təkcə o deyil ki, Trampın "sülh təklifi" Rusiyanın arzu və planlarına uyğun şəkildə tərtib olunub. Məsələ həm də ondadır ki, sənəd layihəsinin dil və üslub xarakteristikası da rus dilindən tərcüməyə daha çox bənzəyir".

H.Oğuzun fikrincə, Trampın "sülh təklifi" onun liderliyini etdiyi Respublikaçılar Partiyası üçün də birmənalı qarşılanmayacaq müddəalarla doludur: "Digər tərəfdən, Ukraynadan 1 həftə ərzində şərtləri qəbul etməsinin tələb olunması, əks halda, ABŞ-nin bu ölkəyə kəşfiyyat məlumatları və silah verməyəcəyinin bildirilməsi heç bir normal məntiqlə izah edilə bilməz. Məsələ burasındadır ki, Tramp hakimiyyətə gələndən bəri ABŞ onsuz da Ukraynaya silah vermirdi. O, öz silahlarını baha qiymətə Avropa ölkələrinə satır, həmin silahlar Avropa tərəfindən Ukraynaya ötürülürdü. Birdən-birə "biz sizə silah satmayacağıq" deməklə Vaşinqton sanki Avropanı nəzərdə tutur. Bu isə açıq şəkildə Ukraynanı müdafiəsiz qoymaq və Rusiyaya təslim etmək deməkdir. Ən pisi isə odur ki, kəşfiyyat məlumatlarının kəsilməsi Ukraynanın bu döyüşdə gözlərinin bağlanması anlamına gəlir. Tamamilə Rusiyanın qələbəsinə hesablanmış bu şərtlərin Ukrayna tərəfindən qəbul olunması imkansızdır. Belə görünür ki, Zelenski də məhz bu təhlükələri nəzərə alıb ABŞ-nin şərtlərini qəbul etməyi "ləyaqətsiz müttəfiqlik" kimi qiymətləndirib".

Bununla belə, siyasi şərhçi vurğulayıb ki, Cenevrədən gələn son məlumatlar Trampın "sülh təklifi"nin həm ABŞ, həm Ukrayna, həm də Avropa ölkələri tərəfindən rədd edildiyini göstərir: "Belə çıxır ki, Ukraynanın silahla təchizatı əvvəlki qaydada davam edəcək və onun bütün maliyyə yükünü Avropa İttifaqı öz boynuna götürəcək. Baxmayaraq ki, Avropa İttifaqının bu yükü nə qədər daşıyacağı bəlli deyil, amma hər şeyin əvvəlki kimi davam etdirilməsi gələcək üçün böyük ümidlər yaradır. İnşallah, Qərb dövlətləri və ABŞ ictimai rəyi Rusiyanı yenidən dirçəltməyin təkcə Ukrayna deyil, bütün dünya üçün böyük təhlükələr yaratdığının fərqinə varacaq və hakimiyyətə gəlişi ilə dünya nizamının altını üstünə çevirən Trampdan bir an öncə yaxa qurtarmağın yolunu tapacaqlar. Əks halda, bu adam nə qədər hakimiyyətdə qalacaqsa, Ukraynanın nazik teldən asılı qalan taleyi şübhə altından xilas olmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31