Keçmiş müdafiə nazirinin oğulları rusiyalı məmurları ABŞ-a satırmış - SKANDAL
10:45 DünyaErmənistan mətbuatında Mikayel Harutyunyanın oğulları ətrafında yeni qalmaqal müzakirə olunur.
Olaylar.az xəbər verir ki, "Past" nəşrinin yazdığına görə, Rusiyada yaşayan Ermənistanın keçmiş müdafiə naziri Mikayel Harutyunyanın oğulları son illərdə Ukrayna, Aİ və ABŞ tərəfindən rusiyalı rəsmilərə qarşı tətbiq olunan sanksiyaların formalaşdırılmasında aktiv rol oynayıblar.
Nəşr iddia edir ki, bu proses Aleksey Navalnının yaratdığı Korrupsiyaya Qarşı Mübarizə Fonduna məlumat ötürülməsi yolu ilə həyata keçirilib. Həmin məlumatlarda Boris Obnosov, Aleksey Repik, Aleksey Krivoruçko, Pyotr Aven və Mkrtiç Okroyan kimi adların yer aldığı qeyd olunurdu.
Nəşr ilə əlaqə saxlayan Mikayel Harutyunyanın oğlu Arsen Harutyunyan bu ittihamların "tamamilə yalan" olduğunu deyib:
"Məqalədə yazılan adlardan yalnız bir nəfəri - Pyotr Aveni tanıyıram. Eşitmişəm ki, o, iri bank sahibidir. Qalanlarını heç tanımıram. Navalnı və digər şəxslərlə heç vaxt əlaqəm olmayıb".
O, həmçinin bildirib ki, bu məlumatların arxasında xüsusi "sifarişçi" dayana bilər. Onun fikrincə, həmin şəxs Mkrtiç Okroyandır.
Harutyunyanın sözlərinə görə, Okroyan Ermənistandan qaçıb, ABŞ, Avropa, Britaniya, Yaponiya və Ukraynada sanksiyalara düşüb:"O, hərbi təyyarələr üçün titan təkərləri və müxtəlif ehtiyat hissələri istehsal edirdi və buna görə sanksiyalara məruz qalıb. Rusiyada da ona qarşı cinayət işləri açılıb. Təyyarələrin yanması ilə bağlı iddialar var. Mənim və ailəmin bu məsələyə heç bir aidiyyəti yoxdur".
Arsen Harutyunyan əlavə edib ki, ailəsinin Okroyanla illərlə dostluq münasibətləri olub, lakin onun haqqında faktlar məlum olandan sonra əlaqələr kəsilib. (Musavat.com)