“Ukraynanın Rusiyaya tələbləri gülüncdür” -ÖZƏL

Megaupload platformasının yaradıcısı Kim Dotcom Ukraynanın Rusiya ilə münaqişə fonunda irəli sürdüyü sülh planı tələblərini tənqid edib. Olaylar.az xəbər verir ki, o, sosial şəbəkə X-də yazıb ki, Ukrayna münaqişədə uduzur və buna baxmayaraq qalib tərəf olan Rusiyaya "gülünc tələblər" irəli sürür.
Dotcom paylaşımında bildirib: "Spoiler: Ukrayna uduzub. Amma bu məğlubiyyət sizi qalibə gülünc tələblər əlavə etdiyiniz sülh planı yazmaqdan saxlamır."
Noyabrın 23-də ABŞ və Ukrayna Vaşinqtonun təklif etdiyi sülh planı üzrə Cenevrədə məsləhətləşmələr aparıblar. ABŞ dövlət katibi Marko Rubio görüşü "son dərəcə məhsuldar" adlandırsa da, Politico-nun mənbələrinə görə, müzakirələr gərgin keçib və Kiyev sənədə dəyişikliklər edilməsində israr edib.
RBC-Ukraynanın məlumatına görə, tərəflər planın böyük hissəsini razılaşdırıblar, lakin bir neçə maddə Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında planlaşdırılan görüşə saxlanılıb. Görüşün tarixi hələ ki, müəyyən edilməyib.
Qərb KİV-nin yazdığına görə, planın ilkin variantında Ukraynanın NATO-ya üzvlükdən imtinası, Krım və Donbass üzərində Rusiyanın suverenliyinin tanınması, Ukrayna qüvvələrinin Donetsk Xalq Respublikasının ərazilərindən çıxarılması, rus dilinə dövlət statusu verilməsi, ordunun sayının məhdudlaşdırılması və antirusiya sanksiyalarının ləğvi kimi bəndlər yer alırdı. Bu maddələrin bir qismi Avropa İttifaqı liderləri tərəfindən qəbul edilməyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb ki, Moskva danışıqlara açıqdır, lakin ABŞ-la bu mövzuda konkret təmaslar hələlik yoxdur. Onun sözlərinə görə, Rusiya Cenevrə məsləhətləşmələrindən sonra yenilənmiş sənədin rəsmi mətnini almayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31