Ermənistanda hərbi xidmətin müddəti azaldılır
15:16 DünyaErmənistanda 2025-ci ilin qış çağırışından başlayaraq məcburi hərbi xidmət müddəti 24 aydan 18 aya endiriləcək.
Olaylar.az erməni mediasına istinadla bildirir ki, bu barədə müdafiə naziri Suren Papikyan parlamentin iclasında məlumat verib.
Nazirin sözlərinə görə, xidmət müddətinin azaldılması xidmətlərin müqaviləli əsasda genişləndirilməsi hesabına mümkün olub.
Ermənistan hökuməti həmçinin 2027-ci ilin ikinci yarısından etibarən məcburi xidmətin təşkili xərclərinin azalacağını proqnozlaşdırır.
Papikyan qeyd edib ki, 2025-ci ildə 16 min rezervist toplanışlara cəlb edilib, 2026-cı ildən etibarən isə bu rəqəmin hər il 20 min nəfərə çatdırılması planlaşdırılır.
Məsələyə münasibət bildirən müxalifət deputatları layihəni vaxtsız və riskli adlandıraraq şəxsi heyətin komplektləşdirilməsi ilə bağlı problemlərin yarana biləcəyini bildiriblər.
Papikyan isə iddiaları rədd edərək qeyd edib ki, çağırışçıların sayı dəyişməyəcək, sadəcə xidmət müddəti azalacaq.
Qanun layihəsi parlament komissiyasından müsbət rəy alıb və qəbul olunacağı gözlənilir. (Musavat.com)