Həmin qırıcını Hindistan Ermənistana satmağa hazırlaşırmış
14:03 DünyaHindistan Hərbi Hava Qüvvələrinə məxsus Tejas yüngül qırıcı təyyarəsinin "Dubay 2025" sərgisində uçuş proqramı zamanı qəzaya uğraması Yeni Dehlinin qlobal bazarda təklif etdiyi silah ixracı perspektivlərinə xələl gətirə bilər.
Olaylar.az xəbər verir ki, qənaət "The Economic Times" qəzetinin hazırladığı materialda yer alıb.
Gecikmələr və texniki problemlərlə üzləşən bu ilk yerli hind qırıcısının hazırlanması ölkənin müasir silahlar yaratmaqdakı uğurunun nümayişi sayılırdı. Tejas təyyarələri xarici alıcılara satılmaq üçün Dubayda nümayiş etdirilirdi. Qəzet qeyd edir ki, qəza ixracata mane ola bilər və artıq Hindistan Hərbi Hava Qüvvələrinin nüfuzuna xələl gətirib. Hindistan bu ucuz təyyarəni aviasiya texnologiyasını paylaşmağa hazır olduğu Ermənistan, Misir və Cənub-Şərqi Asiya ölkələrinə təklif edir.
Noyabrın 21-də Dubayda nümayiş uçuşu zamanı qəzaya uğrayan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Tejas qırıcı təyyarəsi akrobatik manevr edirdi. Mütəxəssislər hesab edirlər ki, tarazlığın itirilməsi qəzaya səbəb ola bilərdi. Pilot həlak olub.
Tejas yüngül çoxməqsədli qırıcı təyyarəsi Hindistanın Hindustan Aeronautics Limited (HAL) şirkəti tərəfindən istehsal olunur. Təyyarənin hazırlanması 1980-ci illərdə başlayıb və təyyarə ilk uçuşunu 2001-ci ildə edib. 2015-ci ildə qırıcı təyyarənin Hindistan Hərbi Hava Qüvvələrinə daxil edilməsi qərarı verilib. Hindistan Müdafiə Nazirliyi 15 il ərzində 180 Tejas Mk1A və 108 təkmilləşdirilmiş Tejas Mk2 qırıcısını xidmətə qəbul etməyi planlaşdırır.
2024-2025 maliyyə ilində (31 martda başa çatıb) Hindistan 80 ölkəyə 230,6 milyard rupidən (təxminən 2,76 milyard dollar) çox dəyərində silah ixrac edib. Müdafiə naziri Rajnath Singhin sözlərinə görə, Hindistanın müdafiə sənayesi istehsalı artıq 12 milyard dolları keçib və bu da ölkəni ən çox silah ixrac edən 25 ölkə arasına çıxarıb.
2028-2029 maliyyə ilinə qədər müdafiə sənayesinin ümumi illik məhsulunun 36 milyard dollara, müdafiə ixracının isə 6 milyard dollara çatacağı planlaşdırılır.