Gürcüstanda 2026-cı ildən dövlət dili imtahanı tətbiq ediləcək – ÖZƏL
13:49 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan hökumətinin qərarı ilə, 2026-cı ildə ölkənin təhsil sistemində ilk dəfə olaraq dövlət dili imtahanı keçiriləcək.
Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadze nazirlikdə keçirilən brifinqdə bildirib ki, imtahan üçün qeydiyyat 24 noyabrda başlayıb və 1 dekabrda başa çatacaq.
Mikanadzenin sözlərinə görə, dünyanın əksər dövlətləri dövlət dili imtahanları keçirir və bu, xüsusilə əcnəbi tələbələr, dövlət qulluğunda işləmək hüququ olan xarici vətəndaşlar, xaricdə yaşayan gürcülər, habelə biznes sektorunda çalışan qeyri-gürcüdilli kadrlar üçün vacibdir.
Bu imtahan gürcü dilinin dövlət dili statusunu gücləndirmək və funksionallıq dairəsini genişləndirmək məqsədi daşıyır.
İmtahan Beynəlxalq standartlara tam uyğun olaraq hazırlanıb və ildə bir neçə dəfə keçiriləcək. Dörd kompetensiya yoxlanılacaq: dinləmə (audisiya), oxuma, yazma və danışma.
2030-cu ildən etibarən, Nazirlik C1 və C2 səviyyələrini müəyyən etmək üçün də imtahanlar keçirməyi planlaşdırır.
İmtahan nəticələrinə əsasən, dövlət dilini bilmə səviyyəsini təsdiq edən sənədi Dövlət Dili Departamenti verəcək.