İtaliya Meloninin Vaşinqtona səfərini təsdiqləmir- ÖZƏL

İtaliya hökuməti baş nazir Giorgia Meloninin Vaşinqtona yola düşməsi ilə bağlı yayılan məlumatları təsdiqləmir. Olaylar.az xəbər verir ki, bundan əvvəl İsveçrənin Le Temps qəzeti Finlandiya Prezidenti Aleksander Stubbun komandası nümayəndələrinə istinadən Stubb və Meloninin ABŞ-a gedən yolda olduqlarını iddia etmişdi. Lakin bu xəbər nə İtaliya mediasında, nə də Avropadakı diplomatik mənbələr tərəfindən təsdiqlənib. Mənbələr xatırladıblar ki, bir gün əvvəl Meloni və Stubb ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıblar. G20 sammitinin Johannesburgda başa çatmasından sonra İtaliya baş naziri bildirib ki, Vaşinqton Avropanın Ukrayna ilə bağlı təklif etdiyi düzəlişləri müzakirəyə hazırdır. O həmçinin əlavə edib ki, Avropa liderləri ayrıca "əks plan" üzərində işləmirlər, ABŞ-ın irəli sürdüyü təklif əsas götürülür.
Meloni Afrika İttifaqı-Aİ sammiti çərçivəsində həmkarları ilə təmasların davam edəcəyini də vurğulayıb. O, Luandada keçiriləcək tədbirdə sülh, təhlükəsizlik və çoxtərəfli idarəetmə mövzularına həsr olunan sessiyada çıxış edəcək.
Bununla yanaşı, müşahidəçilər Meloninin yaxın günlərdə Vaşinqton səfərinin istisna olunmadığını deyirlər. Xəbərlərə görə, Ukrayna prezidenti Vladimir Zelenskinin də bu həftə ABŞ-a gedərək Trampla sülh planını müzakirə etməsi gözlənilir. Avqust ayında Stubb və Meloni Zelenskiyə ABŞ səfərində qoşulmuşdular. Meloni jurnalistləri ehtimallara söykənməməyə çağıraraq bildirib: "Hamımız sülhün əldə olunması üçün çalışırıq. Fərqli formatlarda əlaqələr, o cümlədən şəxsi yazışmalar, müzakirələrə açıq olduğumuzu göstərir". O, yaxın günlərdə yeni diplomatik təmasların olacağını da açıqlayıb.
Xatırladaq ki, 23 noyabrda Ukrayna nümayəndə heyətinin Avropa tərəfdaşları və ABŞ rəsmiləri ilə İsveçrədə apardığı danışıqlar başa çatıb. Reuters-in məlumatına görə, Vaşinqton və Kiyev Cenevrədə keçirilən görüşlərdə ABŞ-ın sülh planı üzrə son detalları razılaşdırmağa çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31