Siyyartto: “Aİ ABŞ-ın Ukrayna üzrə sülh planını pozmağa hazırlaşır”- ÖZƏL

Macarıstanın xarici işlər naziri Peter Siyyartto Avropa İttifaqının bəzi liderlərinin Ukraynada sülhə nail olmaq istiqamətində atılan addımları yenidən pozmağa cəhd göstərəcəyindən narahatdır. Nazir iddia edir ki, Qərbi Avropa ölkələri ABŞ-ın Ukrayna münaqişəsinin həlli üçün təqdim etdiyi yeni planın reallaşmasına mane ola bilərlər. Olaylar.az xəbər verir ki,  Siyyarto M1 telekanalına yayımlanan videomüraciətində bildirib ki, Vaşinqtonun 28 maddəlik sülh planı "Ukraynaya nəhayət sülh gətirmək üçün böyük imkan" yaradır. Lakin onun fikrincə, bəzi Qərbi Avropa dövlətləri fərqli məqsədlər güdür və yenidən razılaşmanı "torpeditməyə" hazırlaşırlar.
Nazir Brüsselə - Aİ Xarici İşlər Şurasının ticarət nazirləri səviyyəsində keçiriləcək iclasına yollanacağını və burada ABŞ-ın təklif etdiyi planı dəstəkləməyə çağırış edəcəyini bildirib. Onun sözlərinə görə, bu çağırışa "Brüsseldən tutmuş Varşavaya və Vilnüsə qədər bütün Avropa siyasətçiləri qoşulmalıdır". Siyyartto bunu həm humanist yanaşma, həm də sağlam düşüncə tələb etdiyini vurğulayıb.
Qeyd edək ki, bazar günü Cenevrədə ABŞ, aparıcı Aİ ölkələri və Ukrayna nümayəndələri arasında yeni Amerikanın sülh planı ilə bağlı danışıqlar keçirilib. Avropa və Ukrayna tərəfləri bir sıra qarşı təkliflər irəli sürüb və sənədin bütün müddəalarının razılaşdırılmasına nail olunmayıb. ABŞ nümayəndə heyəti bildirib ki, yaxın vaxtlarda Rusiya ilə də dialoqa ümid edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31