Litva: Belarusla sərhədi açmaqda tələsdik – ÖZƏL

Litvanın Belarusla sərhədi yenidən açmaq qərarı tələsik verilib. Olaylar.az xəbər verir ki, bu fikri Litva prezidentinin müşaviri Asta Skaysgiritə ölkənin milli radiosu LRT-yə açıqlamasında bildirib.
Müşavirin sözlərinə görə, Vilnüs sərhədi açmazdan əvvəl Belarus qarşısında daha sərt tələblər irəli sürməli idi:
"Biz sərhədi açmağa tələsməməli idik. Daha çox şərt qoymalıydıq - məsələn, Litva ərazisinə Belarusdan kontrabanda daşıyan hava şarlarının buraxılmaması və saxlanılan litvalı yük maşınlarımızın ölkəmizə qaytarılması." Skaysgiritə hesab edir ki, bu şərtlər ilkin mərhələdə tələb kimi irəli sürülmədiyi üçün Minsk öz davranışını davam etdirir:
"Ona görə də Belarus nə istəyirsə, onu da edir. Minskə başa salmaq lazımdır ki, vəziyyətin gərginliyinin azaldılması hər iki tərəfin addımlarını tələb edir."
Xatırladaq ki, Litva 29 oktyabrda Belarusla sərhədi bir aylıq bağlamışdı. Rəsmi izaha görə, məqsəd Belarusdan göndərilən və mülki aviasiya üçün təhlükə yaratdığı iddia edilən tütün kontrabandasına qarşı mübarizə idi. Buna cavab olaraq Minsk litvalı yük maşınlarının sərhəddən keçidini dayandıraraq onları pullu dayanacaqlara yönləndirdi. Nəticədə 1 mindən çox litva yük maşını Belarus ərazisində ilişib qaldı.
Litva 20 noyabrda sərhədi yenidən açsa da, həmin yük maşınları hələ də ölkəyə buraxılmayıb. Bununla yanaşı, kontrabanda daşıyan hava şarlarının uçuşları davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31