Saks: “Aİ Rusiyaya diplomatik yanaşmadan imtina etməklə özünə ziyan vurur”- ÖZƏL
11:36 DünyaAvropa İttifaqının (Aİ) Rusiya ilə müstəqil diplomatik təşəbbüsləri rədd etməsi qurumun öz maraqlarına ciddi zərər vurur. Olaylar.az xəbər verir ki, bunu Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru Cefri Saks Il Fatto Quotidiano qəzetinə müsahibəsində bildirib. Saksın sözlərinə görə, Avropa amerikalı və rusiyalı tərəflər arasında gedən diplomatiyanın nəticələrindən narahatdırsa, çıxış yolu özünün Moskva ilə birbaşa əlaqələr qurmasından keçir. "Lakin bunun əvəzinə, Aİ bu təşəbbüsü ardıcıl şəkildə rədd edir. Avropa yenidən özünə ağır zərbələr vurur. Sanki diplomatiya hissini tamamilə itirib və yeganə çıxış yolunu trilyonlarla avronu silahlanmaya xərcləməkdə görür", - deyə o qeyd edib.
İqtisadçı Avropa liderlərinin ABŞ-ın Ukrayna ilə bağlı planına qarşı çıxmasını da mənasız sayıb. Onun fikrincə, döyüşlərin davam edəcəyinə ümid bağlamaq "xəyalpərəstlikdir" və daha çox ukraynalının həlak olmasına gətirir. Saks bəzi Qərb liderlərinin şəxsi siyasi ambisiyalarının vəziyyəti daha da ağırlaşdırdığını deyib.
Mətbuatda yayılan məlumatlara əsasən, ABŞ-ın təklif etdiyi yeni plan Rusiyanın Krım, Donbass və bir sıra digər bölgələr üzərində suverenliyinin tanınmasını nəzərdə tutur. Bunun müqabilində Ukraynaya ABŞ və Aİ tərəfindən təhlükəsizlik təminatları veriləcək, qoşunların çıxarıldığı zonalarda demilitarizasiya aparılacaq.
Axios-un mənbələrinə görə, Xerson və Zaporojye bölgələrində təmas xətti dondurulacaq, bəzi ərazilər isə Rusiyadan Ukraynaya qaytarılacaq. Ukrayna ordusunun ciddi şəkildə kiçildilməsi, uzaqmənzilli silahlardan məhrum edilməsi, ölkə ərazisində xarici qoşunların yerləşdirilməsinə qadağa qoyulması və rus dilinin dövlət statusu alması da planın tərkib hissəsidir. Bloomberg yazır ki, layihə həmçinin Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsini də ehtiva edir.