Saakaşvili: “Qızılgül inqilabı”nın 22-ci ildönümü – İndi Gürcüstan uğursuzluq nümunəsidir – ÖZƏL
24 Noyabr 2025 09:37 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili "Qızılgül İnqilabının" 22-ci ildönümü ilə əlaqədar yayımladığı məktubda özünün hakimiyyətdə olduğu illəri indiki vəziyyətlə müqayisə edərək, ölkədə "əks-inqilabın" getdiyini bildirib.
Saakaşvili 2003-cü il "Qızılgül İnqilabının" Gürcüstanı "uğursuz dövlətdən" qlobal inkişaf və uğur nümunəsinə çevirən misilsiz, radikal islahatların başlanğıcı olduğunu vurğulayıb. O, özünün "gecə-gündüz" işlədiyini və bəzi insanların bu enerjinin mənbəyini başa düşməyərək onu "kokain" istifadəçisi adlandırdığını qeyd edib. O, enerjisinin mənbəyinin ölkəyə xidmət etmək həzzindən və uğurlara görə qürurdan gəldiyini söyləyib.
Prezident indiki Gürcüstanın 2012-ci ildən əvvəlki Gürcüstanın tam əksi olduğunu iddia edib. Onun sözlərinə görə, indi ölkə hər yerdə "uğursuzluq, gerilik və görünməmiş repressiyalar" nümunəsi kimi təqdim olunur.
O, İnqilabdan sonra "əks-inqilabın" gəldiyini və bunun əsas məqsədinin onların yaratdığı hər şeyi - təhsil sistemini, azadlıq institutlarını, Gürcü xalqının qürurunu məhv etməklə "mentaliteti dəyişdirmək" olduğunu vurğulayıb.
Saakaşvili, bugünkü fəlakətin əsas səbəbinin cəmiyyətin böyük bir hissəsində "Qızılgül İnqilabının" nailiyyətləri haqqında səhv təsəvvürün formalaşdırılması olduğunu bildirib. O, yaddaşın məhv edilməsinin və mentalitetin dəyişdirilməsinin qarşısını almaq üçün vaxtında Şevardnadzeyə qalib gəldikləri kimi, İvanişviliyə də qalib gəlməyin vacibliyini qeyd edib.
Məktubun sonunda Saakaşvili özünü "tam döyüş formasında olan, sizin Mişa" adlandıraraq bitirib və "Qızılgül İnqilabının" 22-ci ildönümünü təbrik edib.