Cenevrədə Ukrayna danışıqları: Avropanın 24 bəndlik planında NƏLƏR VAR...

Avropalı diplomatlar bazar günü Cenevrədə ABŞ-la danışıqlarda Ukraynadakı müharibəyə dair 24 bəndlik alternativ sülh planını təqdim edəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.

Nəşr yazır ki, bu əks-təklif ABŞ prezidenti Donald Trampın 28 bəndlik planı keçən həftə internetə sızmadan əvvəl də Böyük Britaniya da daxil olmaqla müttəfiqlər tərəfindən hazırlanıb.

Mənbə qeyd edir ki, Avropa planında Ukrayna Silahlı Qüvvələrinin sayına heç bir məhdudiyyət qoyulmayacağı bildirilir. Hazırda Ukrayna ordusunda təxminən 850 000 hərbçi xidmət edir. ABŞ planına görə isə ordunun sayı 600 000 hərbçi ilə məhdudlaşdırılmalıdır.

Amerika-Rusiya planında həmçinin Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsinə qadağa qoyulması nəzərdə tutulur. Avropa planı isə Ukraynanın öz ərazisində dost qüvvələrin olması barədə müstəqil qərar verməsini nəzərdə tutur.

Avropanın təklifi həmçinin NATO üzvlərini alyansa kimin qoşula biləcəyinə özləri qərar verməyə çağırır ki, bu da ABŞ-ın Ukraynaya qarşı təklif etdiyi ümumi qadağaya ziddir.

Avropa planında istənilən torpaqların təhvil verilməsi ilə bağlı danışıqlara başlamazdan əvvəl cəbhə boyunca atəşkəs elan olunması tələb olunur.

"Bloomberg"in məlumatına görə, plan həmçinin ABŞ-dan NATO-nun 5-ci kollektiv müdafiə maddəsinə bənzər təhlükəsizlik zəmanətləri verməsini tələb edir və dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpası və kompensasiyasının ödənilməsi üçün istifadə edilməsini tələb edir.

Ukrayna və Avropa həmçinin Moskvanın Kiyevin şərqdə hazırda işğal altında olmayan ərazilərini verməsi tələbini rədd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31