Ermənistanda qeyri-standart debat təklifi: Keçmiş prezidentlərin iştirakı olmadan fəaliyyətlərinin müzakirəsi – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Alternativ Layihələr" qrupunun üzvü Vahe Ovanisyan "Facebook" səhifəsində Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan ilə sabiq prezidentlər arasında mümkün debatlar mövzusuna toxunaraq qeyri-standart bir həll təklif edib.

Ovanisyan, Nikol Paşinyanın keçmiş prezidentlər - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanla debat təşkil edilməsində israrlı olacağını, lakin bu debatların baş tutmayacağına əmin olduğunu qeyd edib. 

Onun fikrincə, Paşinyanın məqsədi debat deyil, sadəcə, dəvəti səsləndirməyə davam etməkdir.

Ovanisyan problemin qeyri-standart həllini təklif edərək bildirib ki, debat yalnız dörd şəxsin mövzusu olmamalıdır; bəs cəmiyyət və seçicilər necə?
O, hər hansı bir media, QHT və ya vətəndaş təşəbbüsünün keçmiş prezidentlərin özlərinin iştirakı olmadan, Paşinyanın onlarla qiyabi müzakirəsini təşkil edə biləcəyini irəli sürüb.
"Təhqirlərsiz, qışqırıqsız, sadəcə faktlar əsasında. Daha dəqiq desək, bu, insanlar haqqında deyil, onların işlədiyi müddətdə qeydə alınmış nəticələr və faktlar haqqında debat olmalıdır," - deyə Ovanisyan vurğulayıb.

Ovanisyan bu layihənin çox maraqlı və vacib ola biləcəyini, əsas istiqamətlər üzrə qeydə alınmış nəticələri göstərəcəyini bildirib və hazırkı hakimiyyətin "keçmişlərə" qarşı açdığı "mübarizənin" tamamilə fərqli, gözlənilməz bir istiqamət ala biləcəyini söyləyib.

O, sonda "keçmişlər" anlayışını qırmaq lazım olduğunu qeyd edib. Ovanisyan vurğulayıb ki, Ter-Petrosyan, Köçəryan və Sarkisyan fərqli şəxslər və fərqli fəaliyyət sahibləridirlər və hər bir mərhələdə ciddi uğurlar, həmçinin səhvlər və nöqsanlar olub. O, bu haqda açıq danışıqlardan qaçmamağın vacibliyini dilə gətirib.

Ovanisyanın fikrincə, bu proses 2026-cı ildə cəmiyyətə "bu dəhşətli mərhələni bağlamağa və yeni bir səhifəyə, bərpaya doğru irəliləməyə" kömək edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31