Ermənistanda hakimiyyət Arman Tatoyanın siyasi planlarına qarşı kampaniya aparır — “Qraparak” – ÖZƏL
10 Oktyabr 2025 11:04 DünyaSon günlər Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan hakim "Vətəndaş Müqaviləsi" partiyası ilə ciddi qarşıdurma yaşayır.
Olaylar.az xəbər verir ki, "Qraparak" qəzetinin yazdığına görə, Tatoyan yeni siyasi partiya yaratmaq, seçkilərdə iştirak etmək və baş nazir postuna namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.
Nəşrin məlumatına əsasən, hakim komanda ölkədə yaranmaqda olan hər hansı yeni müxalif siyasi qüvvəni "cücərti mərhələsində" məhv etmək tapşırığı alıb - bu qüvvələrin real şansları olsa da, olmasa da fərq etmir.
Bildirilib ki, 2026-cı il seçkiləri ərəfəsində məqsəd bütün müxalif icmaları və onların liderlərini neytrallaşdırmaq, mümkün olduqda sıradan çıxarmaq, əks halda isə tabe etdirmək və susdurmaqdır. Məhz bu səbəbdən hazırda Vardan Qukasyana qarşı kampaniya aparıldığı vurğulanır.
Qəzet qeyd edir ki, hökumət artıq sərhədləri aşaraq merləri, onların ailə üzvlərini və tərəfdarlarını həbs etməyə qədər gedə bilər. Yaxın vaxtlarda isə Martun Qriqoryan kimi tanınmış şəxslərə qarşı da təqiblərin başlaya biləcəyi iddia olunur.
Bundan əlavə, "Qraparak" yazır ki, baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı siyasi partiyaların maliyyələşməsinin tam şəffaf olmasını təmin edən qanun dəyişikliklərinə ehtiyac olduğunu bildirib. O, "partiyaları kim və hansı mənbələrdən maliyyələşdirir?" sualının qanunla tənzimlənməli olduğunu vurğulayıb və seçkilərdə iştirak imkanlarının da bu məsələdən asılı ola biləcəyinə eyham vurub.