İsveç əks-dron sistemlərinə 367 milyon dollardan çox sərmayə yatırır - ÖZƏL
10 Oktyabr 2025 10:21 Dünyaİsveç hökuməti ölkənin müdafiə qabiliyyətini gücləndirmək məqsədilə pilotsuz uçuş aparatlarına (PUA) qarşı əlavə sistemlərin alınmasına və JAS 39 Gripen qırıcıları üçün avadanlıqlara 5 milyard kron (təxminən 524,5 milyon dollar) vəsait ayırıb. Olaylar.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ümumilikdə 3,5 milyard kron (367,2 milyon dollar) məbləğində investisiya İsveç Silahlı Qüvvələrinin dron təhdidlərinə qarşı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu sərmayə sayəsində ordunun yeni sistemlərin alınmasını təxminən səkkiz il sürətləndirməsi mümkün olacaq. Vəsait əsasən dronlara qarşı silahların, sensorların, xəbərdarlıq sistemlərinin və hərbi hava bazalarının mühafizəsi üçün kəşfiyyat dronlarının alınmasına yönəldiləcək. Tədarüklərin 2028-ci ilə qədər tamamlanması planlaşdırılır (əvvəlki plan 2036-cı il idi).
Bundan əlavə, JAS 39 Gripen qırıcıları üçün ehtiyat hissələri və avadanlıqların alınmasına 1,5 milyard kron (157,4 milyon dollar) ayrılacaq. Bu, İsveç Hərbi Hava Qüvvələrinin bir neçə bazada eyni vaxtda fəaliyyət göstərmək imkanlarını artıracaq və aviasiya sisteminin ümumi hazırlıq səviyyəsini yüksəldəcək. İsveçin müdafiə naziri Pol Yonsson bildirib ki, hökumət dronlarla mübarizə vasitələrinin mümkün qədər tez tətbiqinə çalışır:
"PUA-larla mübarizə üçün yeni texnologiyalara ehtiyac böyükdür. Biz onların tətbiqini səkkiz il qabaqlayırıq. Bu addım İsveç Silahlı Qüvvələrinin və bütövlükdə ölkənin təhlükəsizliyini gücləndirəcək," - deyə nazir vurğulayıb.