Aİ ABŞ-ın yaşıl qaydalardan imtina etməsini rədd edir - ÖZƏL
10 Oktyabr 2025 09:50 DünyaAvropa İttifaqı ABŞ şirkətləri üçün iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş "yaşıl normalar"a əməl məsələsində heç bir istisna tanımayacaq. Olaylar.az xəbər verir ki, Politico nəşrinin yazdığına görə, bu, Brüssel üçün "qırmızı xəttin" keçilməsi anlamına gəlir.
Bundan əvvəl Financial Times ABŞ administrasiyasına istinadən məlumat vermişdi ki, Vaşinqton Avropa İttifaqında fəaliyyət göstərən Amerika şirkətlərini "iqlim keçidi planları" təqdim etmək öhdəliyindən azad etməyi tələb edib. Bu planlar şirkətlərin yaşıl texnologiyaları tətbiq etməsini nəzərdə tutur. Qəzetin məlumatına görə, ABŞ-ın bu tələbi birtərəfli xarakter daşıyıb və qarşılıqlı güzəştləri əhatə etməyib. Avropa Komissiyasının (AK) nümayəndəsi bildirib: "Biz bu məsələlər üzrə heç vaxt danışıqlar aparmamışıq." Aİ ölkələrindən birinin səfiri isə vurğulayıb: "ABŞ-ın öz qırmızı xətləri var, amma bizim də var."
Oktyabrın 8-də Aİ ölkələrinin səfirlərinin qapalı iclasında AK-nın ticarət məsələləri üzrə baş direktoru Sabina Veyand çıxış edərək qeyd edib ki, ittifaq ABŞ-ın təqdim etdiyi sənədi danışıqların əsası kimi qəbul etməyəcək. Daha sonra AK-nın sözçüsü Olof Gill sənədin alındığını təsdiqləməkdən imtina edib, lakin bildirib ki, Avropa İttifaqı "heç bir qanunu ləğv etməyə hazırlaşmır".
Qeyd edək ki, iyulun 27-də Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Donald Tramp arasında əldə olunan razılaşmaya əsasən, ABŞ 1 avqustdan etibarən Avropadan idxal olunan malların təxminən 75 faizi üçün 15 faizlik gömrük rüsumu tətbiq edəcək. Bunun müqabilində Aİ ABŞ mallarına rüsum tətbiq etməyəcək, Rusiyadan enerji idxalını tamamilə dayandıracaq və ABŞ-dan 750 milyard dollarlıq enerji və texnoloji məhsul alacaq, həmçinin Amerika iqtisadiyyatına 600 milyard dollarlıq investisiya yatıracaq.