Çində dünyanın ən güclü külək turbininin sınaqları başladı – ÖZƏL

Çinin Şandun əyalətinin Donyin şəhərində dünyanın ən güclü dəniz külək turbininin sınaqları başlayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə CGTN məlumat yayıb.

Dongying Wind Power Equipment Testing and Certification Innovation Base poliqonunda quraşdırılan nəhəng turbin ərazidəki digər qurğularla müqayisədə ölçülərinə görə dərhal seçilir. Qurğunun quraşdırılması 2025-ci il avqustun 29-da tamamlanıb.

Turbin dənizdə istismar üçün nəzərdə tutulsa da, ilkin sınaqları asanlaşdırmaq məqsədilə ilk prototip qurğu quruda yerləşdirilib.

İstehsalçı Dongfang Electric Corporation şirkətinin məlumatına görə, turbinin rotorunun diametri 310 metr, hər bir qanadın uzunluğu isə 153 metrdir. Konstruksiyanın ümumi hündürlüyü təxminən 200 metrə çatır, rotorun süpürmə sahəsi isə 77 min kvadratmetrdir. Qurğu tamamilə Çində layihələndirilib və istehsal olunub.

Şirkətin külək enerjisi sistemləri üzrə tədqiqat və layihələndirmə institutunun direktor müavini Yan Senlin bildirib ki, illik orta külək sürəti 10 m/s olduqda, bir belə turbin ildə 100 milyon kilovat-saat təmiz enerji istehsal edə bilər.

Sınaqlar uğurla başa çatdıqdan sonra şirkət 2026-cı ildə bu tip turbinlərin Quandonq və Fuczyan əyalətlərində inşasına başlamayı planlaşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31